Futbol

“Heç Xosep Qvardiola, Joze Mourinyo da Azərbaycan futbolunu qaldıra bilməz”

06.05.2012 , 13:39

Məşhur bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurovun müsahibəsi

Mərhum tarzən, xalq artisti Bəhram Mansurovun oğlu incəsənət xadimləri ailəsində doğulub boya-başa çatsa da, idmana da böyük maraq göstərir. O, musiqi ilə idmanın vəhdətini əsərlərində də nümayiş etdirib. Azərbaycan futbolunun keçmişi barədə müsbət fikirlər səsləndirən E.Mansurov hazırkı vəziyyətlə bağlı sərt açıqlamalar verdi.

“Bir də gördüm ki, Banişevski tumanından tutaraq bizə tərəf qaçır”

– Futbola nə dərəcədə maraq göstərirsiniz?

– Futbola marağım uşaqlıq illərimdən yaranıb. Atam Bəhram Mansurov da stadiona getməyi, futbola baxmağı çox xoşlayırdı. Məni tez-tez Bakının “Neftçi” və “Dinamo” komandalarının oyunlarına aparırdı. Əsasən “Neftçi”nin oyunlarına gedirdik. Ovaxtkı futbolçulardan Yuri Kuznetsov, Anatoli Qryazev, Nikolay Boqdanov, Vyaçeslav Şeyxov, Vladimir Kosenkovun çıxışları hələ də yadımdadır. Belə oyunçularımız vardı. Hərdən mənim üçün müasir futbolçularımız sadalananda bunları əvvəlkilərlə heç cür yanbayan qoya bilmirəm. Anatoli Banişevskinin “Neftçi”yə gəlişi, parlaması və SSRİ yığmasınadək yüksəlməsi gözlərim önündə baş verib. Ən yadımda qalan isə 1966-cı il – “Neftçi”nin bürünc ilidir. Yaşar Babayev, Adil Babayev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Valeri Hacıyev, Nikolay Smolnikov, Yuri Stekolnikov və digər futbolçuları tanıyırdım. SSRİ yığmasına Anatoli Banişevskidən əlavə, Eduard Markarov və Kazbek Tuayevi də çağırmışdılar. Yəni, “Neftçi”ni hər yerdə tanıyırdılar. O vaxtlar futbola böyük marağım var idi. Qaranlıq düşənədək futbol oynayırdım. Bunu görən qonşumuz atama dedi: “Oğlunu “Spartak” stadionunda məşqə aparmaq istəyirəm”. Atam da razılıq verdi. Bu vaxt 1967-ci ilin axırı – 1968-ci ilin əvvəlləri idi. “Spartak”da 3 ilədək futbolla məşğul oldum. Məşqçimiz əvvəllər “Neftçi”nin qapısını qorumuş Ənvər Quliyev idi. Keçmiş hakimimiz Rüstəm Rəhimovla 1960-cı illərin sonlarında birgə futbol oynamışıq. 1968-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum. Bundan sonra qrup yoldaşlarımla birgə futbola gedirdik. “Neftçi”nin bir ev oyununu da buraxmırdıq. O vaxtlar komandanın yüksəliş dövrü, yaxşı oynayan vaxtları idi.

– Daha çox hansı oyunlar yadınızda qalıb?

– Əksər oyunlar yadımdadır. Məsələn, “Neftçi” Ermənistan “Ararat”ını 3:0 hesabı ilə udmuşdu. Stadion yaxşı mənada dağılırdı. İynə atsaydın, yerə düşməzdi. Tribunalarda nə qədər tamaşaçı var idi. Çempionatlardan birinin açılış oyununda “Neftçi”nin Ukraynanın “Çernomorets” (Odessa) komandası ilə keçirdiyi görüş indiyədək də gözümün qabağındadır. Qapıya yaxın sektorda idik. Oyun o qədər maraqlı idi ki, heç kim oturmurdu. Ümumiyyətlə, “Neftçi” Odessanın istər “Çernomorets”, istərsə də OİK klubları ilə açılış oyunlarında çox üz-üzə gəlirdi. “Neftçi” Rusiyanın “Torpedo” (Moskva) komandasına 0:2 hesabı ilə uduzduğu görüşdən sonra stadionda qəzetlər yandırmağa başladılar. Stadion rəhbərliyi yanğın təhlükəsi ilə əlaqədar “məşəlləri söndürün” deyə qışqırırdı. Bu oyuna da atamla getmişdim. “Neftçi” ilə Moskva “Spartak”ı görüşəndə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının I kursunu başa vurmuşdum. Bəstəkar yoldaşlarla birgə bilet aldıq. Biletimiz qapı ilə yanbayan düşdü. Qapıda Rinat Dasayev dayanmışdı. “Neftçi”yə kömək etmək məqsədilə Dasayevi söyür, qıcıqlandırmağa çalışırdıq ki, bəlkə başı bizə qarışdı və komandamız qol vura bildi. “Neftçi” də heç cür qol vura bilmirdi. Əvəzində “Spartak” təhlükəli hücumlar quranda Dasayev bizə söz atırdı. Yaxud “Neftçi” Moskva “Dinamo”suna qarşı oynayanda komandamızın heyətində Banişevski də çıxış edirdi. “Dinamo”nun qapısında isə Lev Yaşin durmuşdu. Biz isə tablonun altında oturmuşduq. Bir də gördüm ki, Banişevski tumanından tutaraq bizə tərəf qaçır. Demə, tumanının rezini qırılıbmış. Bağladı və yenidən oyuna çıxdı. Belə məzəli halları futbolda çox görmüşəm.

– “Neftçi” və “Ararat”ın oyunları necə keçirdi?

– “Neftçi”nin heyətində milliyyətcə erməni Eduard Markarov da çıxış edirdi. “Neftçi” “Ararat”ı 3:0 hesabı ilə məğlub etdiyi oyunda qollardan birini elə Markarov “qayçı” zərbəsi ilə vurmuşdu. Doğrudan da gözəl qol alınmışdı. Hamı sevincdən atılıb-düşürdü. Atamın kamançaçalanı var idi: Vaqo Melkumov. Çox yaxşı kişi idi. O da “Neftçi”yə azarkeşlik edirdi. “Ararat”la oyuna onunla birgə getmişdik. Elə rəqib komandanın qapısı arxasında oturmuşduq. Azərbaycanlı və erməni azarkeşlər bir-birinə söz atırdılar. Belə şeylər var idi, amma bu, küçə davasına çevrilmirdi. İndi isə tribunalarda dava düşəndə az qalır ki, stadion çöksün. O vaxtlar da Azərbaycan və Ermənistan arasında münasibətlərin elə də yaxşı olmadığını bilirdilər. Çalışırdılar ki, iki komandanın azarkeşləri xəncər-bıçaq davasına çıxmasın. Bakıdakı oyunlarda “Neftçi”, İrəvanda isə “Ararat” qalib gəlirdi, yaxud hər iki şəhərdəki oyunlar heç-heçə nəticələnirdi. “Neftçi” Ermənistanda heç vaxt qələbə qazana bilməyib. “Ararat” da nadir hallarda Bakıdan qələbə ilə ayrıla bilib. SSRİ Futbol Federasiyası məsələni bu yolla tənzimləyirdi. Demək istəyirəm ki, bu iki millət bir-biri ilə tarixən düz gəlməyib. 1977-ci ildə İrəvanda olarkən, yerli sakinlərdən biri dedi: “İndi bizdə əhalinin 92 faizi ermənidir. Bir azdan hamısı erməni olacaq”. Bu söhbəti hələ o vaxt İrəvanda eşitmişdim. Sonradan elə də oldu.

“Futbolumuz Türkiyə səviyyəsində olsaydı, papağımı göyə atardım”

-Futbolumuzun indiki durumunu necə dəyərləndirirsiniz?

– I divizionda çıxış etdiyi vaxt “Abşeron” komandasının oyunlarına gedirdim. Son vaxtlar isə “Bakı”dan xoşum gəlir. Çünki özünəməxsusluğu var. Yaxşı komandalara malikik. Amma bir azərbaycanlı kimi istərdim ki, komandalarımızda öz futbolçularımız olsun. Bunlar isə xariciləri-zadı yığıb doldurublar. Elə bilirlər ki, əcnəbilərin hesabına futbolumuz qalxacaq. Legionerlər hesabına dirçəliş istəyirsənsə, heç olmasa, avtoriteti olanını gətir də… Necə ki Rusiyanın “Anji” komandası Roberto Karlosu, Samüel EtoO-nu transfer edib. 50 aşağı səviyyəli əcnəbiyə pul verməkdənsə, 1 dənə yaxşısını götür. Pul da var, hətta inanıram ki, bu məsələdə AFFA da lazımi köməkliyi göstərə bilər.

– Bayaq “Neftçi”nin 1960-cı illərdəki heyətini sadaladınız. Futbolçuların 90 faizdən çoxu milliyyətcə qeyri-azərbaycanlılar idi…

– Başqa millətlərdən olsalar da, hamısı bakılı idi, Azərbaycanda yaşayırdılar. Banişevski tər-təmiz azərbaycanca danışırdı. Smolnikov, Stekolnikov, Rafiq Əlizadə və digərləri ilə indiki Azərbaycan Texniki Universitetinin və ya “Dostluq” kinoteatrının arxasındakı boş sahədə futbol oynamışam. Bəzən Əlizadə bizim komandamızın heyətində yer alırdı. Onların hamısı azərbaycanca səlis danışırdı, üstəlik, burada yaşayırdı. Digər tərəfdən, milliyətcə azərbaycanlılar da var idi. Məsələn, Rafiq Əlizadə, Adil və Yaşar Babayevlər. Sergey Kramarenkonun anası azərbaycanlı idi. Hamısı sovet vətəndaşı idi, Bakıda qeydiyyatda idilər, Azərbaycanda yaşayırdılar. Azərbaycan çoxmillətli respublikadır. Onları xarici kimi qəbul etməyin. Amma Emil Mpenza bakılı deyil axı, azərbaycanlı deyil axı… Gətiriblər “Neftçi”də oynamağa. O da maaşını alır, bilir ki, oyunçu kimi komanda yoldaşlarının hamısından yüksəkdə durub, bir az ora-bura qaçır, özünü çox əziyyətə salmır. Çünki bizdə futbol çox aşağı səviyyədədir. Amma futbolumuz Türkiyə səviyyəsində olsaydı, papağımı göyə atardım. Türkiyə futbolu Braziliya, İspaniyadakı kimi maraqla izlənilir. Hələ indi-indi bizdə başlayıblar: Komandamız udanda maşının pəncərəsində və ya üstündə oturaraq qələbəni bayram edirlər. Halbuki xeyli əvvəl Türkiyədə yaşadığım vaxt görmüşdüm: “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” udanda küçədə yerimək olmur. Hamı küçələrə axışır, sevinir, bayram edir. Bunlar əsl fanatdırlar. Bizdə isə belə fanatlar yoxdur.

– SSRİ dövründəki azarkeşlik mədəniyyəti ilə indiki arasında hansı fərqlər var?

– Çox fərq var. Bəzi fanatlar tanıyıram ki, mədənidirlər. Amma çox yerdə azarkeşlər daha çox xuliqanlara bənzəyirlər. Bu, çox ölkədə – İngiltərədə də, İtaliyada da, İspaniyada da belədir. Komandaları uduzan kimi qapı-pəncərələri sındırırlar. Bizdə qapı-pəncərə sındırmasalar da, dava edirlər. İnternetdə bəzi fan-klublarla yazışıram. Görürəm ki, hərdən bir-birilərini təhqirə keçirlər.

“Bazardır futbolda, xaosdur futbolda!”

– Avropa kubokları və ya dünya və Avropa çempionatlarının seçmə qrup matçları ilə müqayisədə, Azərbaycan Premyer Liqasının oyunlarına elitar təbəqədə maraq çox aşağı səviyyədədir. Bunun səbəbini nədə görürsünüz?

– Mən uşaq vaxtlarımda teatra gedirdim. Çünki orada Əli Zeynalov, Hökümə Qurbanova, Həsənağa Salayev, Ələsgər Ələkbərov, Mehdi Məmmədov kimi aktyorlar var idi. Bunların hamısı şəxsiyyətlərdir. Həsənağa Salayev Oqtay Eloğlu rolunu oynayanda hönkür-hönkür ağlayırdım. Futbolda da belədir: “Neftçi”nin 1960 – 1980-ci illərdəki oyunlarının kinoxronikasına baxın. Hətta SSRİ çempionatının I liqasında oynadığı vaxt da bu komandanın oyunlarına baxmağa gəlirdilər. Çünki orada yenə Banişevski çıxış edirdi. Azarkeşlər şəxsiyyətlərə baxmağa gəlirlər. 1966-cı ilin “Neftçi”si şəxsiyyətlər komandası idi. Bruxti Moskvada “Spartak”ın qapısına mərkəzdən də uzaqdan bir zərbə endirdi, Vladimir Maslaçenkonun qapısına girdi, qol oldu. Belə oyunçular vardı. Amma bu gün futbolumuzda şəxsiyyət yoxdur. Vaqif Cavadov bir ara qəşəng oyun göstərirdi. Hətta Hollandiya “Tvente”si çağırmışdı. Amma gedib oynaya bilmədi. Mahir Şükürov Rusiya “Anji”sində pis oynamırdı. Amma indi “Qəbələ”də oyunu alınmır. Bazardır futbolda, xaosdur futbolda! Ona görə şəxsiyyət də yetişmir. Harada zəiflər var, götürüb gətirirlər bura.

– Azərbaycan milli komandasına 2008-ci ildən Berti Foqts başçılıq edir. Bu müddətdə Foqts futbolumuza hansı xeyri verib?

– Foqts, maaşa işləyir, pulunu alır. Bu adamın Azərbaycan futbolu üçün ürəyi getmir ki… Gəlib oturub, əlində nə material varsa, ondan istifadə edir. Məsələn, aşpaza yağ, un, ət veriblərsə, düşbərə bişirə bilər. O da düşbərənin bişirilmə qaydasını bilir və bişirir. Amma un da, yağ da, ət də keyfiyyətli olmalıdır ki, yemək dadlı alınsın. Eynilə bizim futbolçular da keyfiyyətli olmalıdırlar. Futbolçularımızın heç biri başqa ölkələrin çempionatlarında oynamır. Gedənlər də geri qayıdır. Çünki xaricdəki oyun üslubuna dözə bilmirlər. Foqts bunlara nə etsin? Onun yeri aparıcı futbol ölkələrinin komandalarıdır. Burada bizim futbolu qaldıra bilməyəcək. Futbolumuzu qaldırmaq üçün baş məşqçi özümüzünkü olmalıdır. Tək olmasın, köməkçiləri də yerlilər olsun. Onlar qaldıracaqlar futbolumuzu. “Mən yanmasam, səni yandıra bilmərəm” deyiblər. Lap Xosep Qvardiolanı, Joze Mourinyonu gətir, Azərbaycan futbolunu qaldıra bilməyəcəklər. Çünki futbolçularımız oynaya bilmirlər. Gürcüstanda, Ermənistanda isə bu məktəb var idi. Ona görə də onların futbolçularının soyad sonluqları “dze”, “işvili”, “yan”dır. Biz isə “oturmuşuq, legioner yığırıq, “gəlin” deyirik”. İnandırım səni, Lionel Messi də gəlsə, ayda 10 milyon pul da versən, batacaq, oynaya bilməyəcək, qalxa bilməyəcək. Özümüzünkü lazımdır. Azərbaycan futbolunu yalandan dartaraq, FİFA reytinqində irəliləməsi xatirinə itələmək lazım deyil. Onsuz da geridə qalmışıq. Bəhreynlə heç-heçə etməyimizə sevinirik. Halbuki Bəhreynin əhalisi Binəqədi qəsəbəsinin əhalisi qədərdir.

– Yeri gəlmişkən, millimiz son oyununda Fələstinə 0:2 hesabı ilə uduzub…

– Uduzacaq da. Çünki komanda yoxdur. Foqts çox yaxşı mütəxəssisdir. Amma buralıq deyil. Bizə özümüzünkünü yetişdirmək lazımdır. Foqts burda qalmaqla guya futbolumuzu öyrənir, tədricən inkişaf etdirir. Hamısı boş söhbətlərdir. Burada başqa məsələlər var. Berti Foqts yaxşı məşqçidirsə, Qyoko Haciyevski və ya Anatoli Konkov kimi klublarımızdan birini versinlər. Amma yığmanın baş məşqçisi özümüzünkü olmalıdır. Çünki o, öz ölkəsinin komandasına can yandıracaq.

“Bizdə futbol yoxdur və yaxın müddətdə də olmayacaq”

– Azərbaycan millisinin mayın 23-də yoldaşlıq görüşü keçirəcəyi Yaponiyanı AFFA-nın baş katibi Elxan Məmmədov çox güclü yığma kimi dəyərləndirib…

– Vaxtilə “Neftçi” Yaponiyanı 10:0 hesabı ilə məğlub etmişdi. Həmin vaxt komandamızın heyətində Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov kimi futbolçular oynayırdı. Nəinki Yaponiya, İran yığmasını “Neftçi” tum kimi çırtlayırdı. Amma indi Azərbaycan Yaponiya ilə oynaya bilər? İnşallah, 20 dənə vurarıq onlara (gülür). Yəni, bilirsiniz, Azərbaycan futbolu ölüb. Etiraf etmək lazımdır ki, bizdə futbol yoxdur və yaxın müddətdə də olmayacaq.

– Bəs, futbolumuzun inkişaf yolunu nədə görürsünüz?

– Uşaq futbolundan başlamaq lazımdır. Əvvəllər uşaqlar arasında “Sevinc Kuboku” kimi turnirlər, məhəllə futbolu üzrə yarışlar keçirilərdi. Uşaq futbolu inkişaf etsə, özümüzünkülər bizə uğur qazandıracaqlar. Daha başqa millətlərin yox, yalnız azərbaycanlı futbolçuların adları hallanacaq. Gəlin baxaq, yeni tikilən göydələnlərin həyətində uşaqların oynaması üçün idman sahəsi ayrılıbmı? Həyətlərin hamısında qarajlar, maşın dayanacaqlarıdır. Futbol oynamaq üçün yer yoxdur. Ən böyük bəlamız da bundadır. Düzdür, prezidentimiz paytaxtda və regionlarımızda Olimpiya kompleksləri tikdirib. Amma onlar da səhərdən axşamadək açıq deyil ki, gedib oynayasan. Braziliyanın ən məşhur futbolçuları küçələrdə, çimərliklərdə oynaya-oynaya ortaya çıxıblar. Azərbaycan futbolunu qaldırmaq üçün bu dükanı heç olmasa, 3-5 il bağlamaq, əcnəbi futbolçuların hamısını komandalarımızdan çıxarmaq, öz uşaqlarımızı Avropanın ən yaxşı klublarının uşaq komandalarına göndərmək, pulu onlara sərf etmək, gələcək üçün futbolçu, məşqçi, hakimlər yetişdirmək lazımdır. Bunlar olduqdan sonra biz də böyük həvəslə yığmamızın oyunlarına baxmağa gələrik.

“Qadın sinəsi ilə topu necə saxlaya bilər?”

– Amma bu il Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək…

– Hərdən baxıram, görürəm ki, qızlar ştanq qaldırırlar, futbol oynayırlar. Məni düzgün başa düşün: Qadın sinəsi ilə topu necə saxlaya bilər? Axı, top onun döşlərini incidəcək… Bu, gələcəyin anasıdır. Olmaz axı. Bədii gimnastika, voleybol, basketbol, həndbolla qadınlar məşğul ola bilərlər. Futbol meydanında hətta kişilər qaçanda nəfəsləri kəsilir, qadınlar qaçsalar özlərini necə hiss edərlər? Onların kişilər qədər fiziki dözümlülükləri yoxdur. Qadınlar hər şeydə kişilərdən dözümlü ola bilməzlər. Eynilə otüstü hokkeyi kişilər oynayanda mənə gülməli gəlir. Kişilər hokkeyi buz üstə oynarlar. Düzdür, yavaş-yavaş dünyada qadınla kişi arasındakı fərqin aradan qaldırılma tendensiyası gedir. Amma bəzi növlərlə qadınların məşğuliyyəti, məncə, düzgün deyil.

– Azərbaycan Gürcüstanla birgə 2020-ci il Avropa çempionatına namizədliyini irəli sürmək istəyir. Bu ideyanın reallaşması nə dərəcədə mümkündür?

– Bizimkilər o çempionatda Almaniya, İspaniya, Fransa, İngiltərə, Xorvatiya kimi ölkələrlə meydan sahibi qismində üz-üzə gəlməyə utanmazlar? Onların hərəsinə 0:60 hesabı ilə uduzacağıq. İspaniya gəlmişdi də. Oynamaya-oynamaya 6:0 uddular. Məğlubiyyətin adını da qoyduq ki, biz onlardan öyrənirik. Futbolu özündən bir pillə yuxarıda olandan öyrən də… Təsəvvür edin ki, İspaniya Eyfel qülləsinin zirvəsindədir, Azərbaycan yığması isə heç qapının ağzında da deyil. Sən dünya və çempionu ilə çəkişə bilərsən? Sadəcə, bizə yazıqları gəlir, ona görə 20-30 qol vurmurlar.

– İdmanla bağlı bir çox əsərlərinizin olduğunu bilirik. Onların arasında hansını xüsusi fərqləndirərdiniz?

– Həmişə Əhməd Ələsgərovla tanış olmağı arzulasam da, bu, mənə 1998-ci ilin sonlarında Bakıya gəldiyi vaxt nəsib oldu. Məndən “Neftçi”yə himn yazmağımı istədi. Yazdım və himndə Ələsgərovun da adını qeyd etdim. Olimpiya himnini, Azərbaycan Gimnastika, Otüstü Hokkey və Cüdo federasiyalarının, “Neftçi”, “Rəvan” və “Abşeron” klublarının himnini mən yazmışam. “Abşeron” üçün himn yazmışdım. Bir də dedilər ki, sponsor komandadan imtina edib. Hələlik idmanla bağlı ən böyük əsərim 2002-ci ildə yazdığım Olimpiya himnidir. Milli Olimpiya Komitəsinin 10 illiyi münasibətilə cənab İlham Əliyevin təşəbbüsü ilə yazmışdım. Onun bəstəkar qismində məhz məni seçməsi özümə də ləzzət etmişdi. Mən də əlimdən gələni etmişdim. Bir bəstəkar kimi ən böyük arzum budur ki, gələcəkdə Azərbaycanın ayrıca idman himni bəstələməyi mənə həvalə etsinlər və yazım.
lent.az

Son yazılar

Yuxarı