Layihə

“Hansı məşqçi deyirsə ki, filan futbolçunu mən yetişdirmişəm, səhv edir” (LAYİHƏ)

23.09.2017 , 17:04

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on doqquzuncu yazısı.

Ötən yazıda Premyer Liqanın debütantı olan “Səbail” klubunun akademiyasında hansı işlərin görüldüyü haqda söz açmışdıq. Yazının ikinci hissəsində komandanın “Gənclər futbolunun inkişaf” proqramı üzrə koordinatoru, sabiq qapıçı Cahangir Həsənzadə ilə uşaqların düzgün yetişdirilməsindən danışdıq. Gənc çalışdırıcı valideyn-məşqçi münasibətlərindən narahatlığını gizlətmədi: “Bəzi məsələlər var ki, keçmiş futbolçu kimi mənə hələ də qaranlıq qalır. Elə suallar var ki, onların hələ də cavabın tapa bilmirəm. Hazırda gördüyüm mənzərə ürəkaçan deyil. Valideynlərlə məşqçilər həddindən artıq sıx əlaqədədirlər. Demirəm ki, bu mənfi haldır, bəlkə də müsbətdir. Məşqçinin uşaqların məşqdənkənar həyatı ilə maraqlanması normal sayıla bilər: onun qidalanması, təhsili, ailədaxili vəziyyəti və s. Amma bir şey də qaçılmazdır ki, nə qədər çox təmasda olacaqsansa, o qədər də çox təsirə məruz qalacaqsan. Bu, məşqçilərə aiddir. Onlar valideynlə həddindən çox təmasda olduqlarında, qərarları bəzən sərbəst qəbul edə bilmirlər. Bizim klubda ilk gündən istədiyim məsələ odur ki, məşqçi ilə valideyn mümkün qədər az əlaqədə olsun. Əgər olacaqlarsa, bütün valideynlərlə birlikdə, iclaslarda görüşüb danışsınlar. Sözsüz ki, hər ayın sonunda məşqçilər uşaqların valideynləri ilə görüşməlidirlər. Onların da övladlarının necə inkişaf etdiyini bilmək haqları var. Ancaq məşqçinin qərarları müstəqil olmalıdır, bu və ya digər valideynin düşüncəsindən asılı olmamalıdır. Bu baxımdan bəzi məşqçilər çətinlik çəkirlər. Çünki bu günə qədər onlar valideynlərlə yaxın münasibətdə olublar, ancaq biz komanda daxilində sərt qaydalar tətbiq etmişik. Hərçənd bu çətinlik, təbii ki, həmişəlik deyil. Onlar üçün qeyri-adi nəsə etməmişik. Əslində, bu əsl iş prinsipinin qaydalarıdır. İstənilən halda, hər valideyn istəyir ki, övladı yaxşı futbol oynasın. Heç kim uşağının zəif olmasını qəbul etmir. Təbii ki, bu da başadüşüləndir. Mövzu övlad olanda obyektivlik istər-istəməz itir. Amma məşqçi heç bir halda bu cür çətinliklə qarşılaşmır. O, bütün uşaqlara eyni münasibət göstərməlidir, heç bir halda obyektivliyini və peşəkarlığını itirməməlidir”. 


“Uşaqların bir qismi akademiyaya əylənmək üçün gəlir”

Valideynlərdən söz düşmüşkən, müsahibimiz çox maraqlı bir məsələnin də üstünü açır. Deyir ki, hamı futbol oynayır, amma..: “Heç kəs öz fikrinin səhv olduğunu etiraf etməz, əsasən də futbol mövzusunda. Valideynlərin əksəriyyəti də bu cürdür. Futbolu az-çox bilirlər və istər-istəməz məşqçinin işinə qarışırlar. Öz bildiklərinin mütləq həqiqət olduğunu düşünürlər. Bunun məntiqi nəticəsi kimi uşaqdan daha çox nəticə tələb edirlər. Primitiv bir misal çəkmək olar. 11 yaşlı iki gəncdən biri topu 11 dəfə çiləyir, digəri 50 dəfə. Bu o demək deyil ki, daha az nəticəsi olan uşaqdan futbolçu olmayacaq. Amma təəssüf ki, valideynlərimizin çox hissəsi bu cür düşünür. Heç bir nominasiyada digər komanda yoldaşlarından geri qalmağını istəmir və övladından həddindən çox nəticə tələb edir. Bu da uşaqları psixoloji olaraq yükləyir və onlar oyuna arzuolunan motivasiyada hazırlaşa bilmir. İnkişaf mərhələsinin öz pillələri var. Orta məktəbdə necədir? 1-ci sinifdən 11-ci sinfə kimi pillə-pillə irəliləyirsən. Nadir hallarda uşaqlar bir sinif irəli atlayır ki, mən onları dahi adlandırıram. Futbolda da belədir: üst səviyyəli, qeyri-adi istedad yoxdursa, hər kəs pillə-pillə inkişaf edəcək. Futbol böyük ailədir. Bir akademiyada 100 nəfər uşaq hazırlaşırsa, onların cəmi 10%-i peşəkar yüksək səviyyəli futbolçu olacaq. Digər hissəsi orta səviyyədə futbol oynayacaq. Bir qismi isə məşqə sadəcə əylənmək üçün gəlir. Heç ailələrinin də onları futbolçu etmək fikri yoxdur. Bəzilərinin istedadı yetmir, bəzilərinin də başqa səbəbləri olur. Lakin birinin nəticəsi digərindən zəifdirsə, biz məşqçilər heyəti olaraq onu unutmuruq.

Bu yolverilməzdir. Vacib məqamlardan biri də qərar vermək azadlığıdır. Ola bilsin ki, bir nəfərin sürəti azdır, ancaq bunu problemə çevirməyin mənası yoxdur. Sürət elə keyfiyyətdir ki, o insana anadangəlmə bəxş olunur. Ola bilsin, hanısısa oyunçunun düşüncəsi fərqlidir, yenə də problem deyil. Çünki bütün bunların qarşılığında futbolçular özləri sərbəst qərar verə bilirlərsə, deməli, işin ən azı yarısı görülüb. Məşqçilərimiz də çalışır ki, öz fikirlərini uşağa yeritsinlər. Ancaq bu səhv fikirdir. Məşqçi oyunu futbolçudan fərqli rakursdan görür. Uşaqlara qərar sərbəstliyi verilməlidir. Mütəxəssis öz rakursundan ən düzgün qərarı görür və oyunçuya onu tövsiyə edir. Ancaq futbolçu oyunu, heç şübhəsiz, məşqçidən daha yaxşı yerdən – meydandan izləyir. Onlar hadisələri tam görür və verdikləri qərarlar bəzən ən doğrusu ola bilir. Bu məqam çox məsələdə belədir. Məsələn, azarkeş kənardan oyunu peşəkarcasına şərh edir. Ancaq öz dediklərini meydanda edə bilərmi? Uşaqğa seçim azadlığı vermək lazımdır. Ola bilsin, səhv edəcək. Olsun, səhvlər görülməlidir. Əks halda, bilirsinizmi nə olacaq? Bu gün kənardan qışqıran şəxs uşağın düzgün qərar verməsinə nail olur. Lakin sabah o şəxs meydanda olmaya bilər və futbolçu yenidən həmin səhvi edəcək. Buna görə də, sərbəst seçim azadlığı verilməlidir. Mən də futbolçu olmuşam deyə bunları bilirəm. Mövqeyim qapı olub. Mənim olduğum rakurs daha aydın idi. Elə hallar olurdu ki, hər hansı epizodda məşqçi mənə hansı qərarı verməyimi tövsiyə edirdi. Ancaq onun görmədiyini meydanda oyun zamanı mən görürdüm və həmin an üçün ən doğru qərarı qəbul edirdim. Hər şey də məhz buradan başlayır”. 
Cahangir bəylə uşaqların elektronikayla, müasir texniki avadanlıqlarla əlaqəsindən danışdıq. O, bunu böyük problem saymır və hətta uşaqların xeyrinə olan məsələ kimi vurğulayır: “Bəzi mütəxəssislər elektorik cihazların: planşet, telefon, kompüterlərin uşaqların inkişafına maneçilik törətdiyini düşünür. Amma mən bunun əksini düşünürəm. Deməzdim ki, müasir texnika uşaqların ziyanınadır. Hətta düzgün istifadə olunacağı təqdirdə, xeyrinə də ola bilər. Şübhəsiz ki, hər bir şeyin yaxşı və pis tərəfləri var. Çalışmalıyıq ki, telefonlardan da yaxşı yöndə, bizə lazımi istiqamətdə istifadə etsinlər. Bunu tənzimləmək olar. Məsələn, məşqdən sonra hansısa mövzunu uşaqlara izah edirik və onlara evdə sadaladığınız cihazlardan istifadə edərək hər hansı futbolçunun oyununa baxıb analiz etməyi istəyirik. Onlardan belə şeylərdən kənar duraraq ancaq futbolla məşğul olmalarını tələb etmək mümkünsüzdür. Uşaq elektronikadan istifadə edə bilirsə, deməli, beyni işləyir. Düzgün istifadə edirsə, bu artıq bizim üçün müsbətdir. Sözsüz ki, uşaqların uşaqlıq illərini də əllərindən almaq olmur. Məşqə gəlirlərsə, əylənməlidirlər. Bəzən hər şeyə sırf peşəkarlıq prizmasından baxmamalıyıq. Sözsüz ki, böyüdükcə tələbləri artacaq. 19 yaşına çatanda davranış qaydalarını, dietalarını bilirlər. Aşağı yaş qruplarını isə sıxmaq lazım deyil. İstənilən yerə iki daş və bir top qoysaq, bir neçə dəqiqəyə uşaqlar gəlib oynayacaq. Futbol bu yaşdakılar üçün həm də əyləncədir. Məhz buna görə məşqləri elə qurmaq lazımdır ki, aşağı yaş qrupları həm əylənsin, həm də öyrənsin. Təbii ki, biz öz akademiyamızda bunları edirik. Akademiyamızda hər yaş qrupuna aid ayrıca məşq proqramları qurulur. Aşağı yaşlar əyləncəyə daha çox üstünlük verir. Onsuz da bizə lazım olan keyfiyyətlər belə olduqda da artıq. Yaş artdıqca peşəkarlıq istiqamətində lazımi şeyləri də öyrədirik”.

“Hər ayın sonunda uşaqların məktəbli gündəliyini yoxlayacağıq”

Azərbaycan futbolunda tək-tük ali təhsilli veteran futbolçularından olan Cahangir Həsənzadə ilə uşaqların təhsili haqqında danışmaya bilməzdik. Belə görünür ki, vaxtilə ali təhsili heç də elə-belə almayıb: “Təhsil uşaq üçün vacibdir. Hər bir sahədə, eləcə də futbolda təhsilə diqqət ayrılmalıdır. Akademiyaya gələn uşaqların gələcəkdə futbolçu olub-olmayacaqlarına heç kim zəmanət vermir. Onlar həm də təhsil almalıdırlar. Bir Azərbaycan vətəndaşı 17-18 yaşına kimi ancaq futbolla məşğul olacaqsa, təhsilə önəm verməyəcəksə və futbolçu olmayacaqsa, biz artıq cəmiyyətimiz üçün bir nəfəri “öldürmüş” olacağıq. Gənclər futbolu təkcə yaxşı oynaya bilmədiklərinə görə tərk etmirlər. Bu, aysberqin görünən tərəfidir. Çox səbəblər var. Oyunçu çox istedadlıdırsa, onu təhsildən uzaqlaşdırıb, yalnız futbola yönəltmək düzgün deyil. Çünki idmanın qarşısıalınmaz mənfi tərəfii var: zədə. Ciddi zədə olduqdan sonra bəzən futbolçular əvvəlki formaya qayıda bilmirlər. Elə hallar olur ki, ümumiyyətlə, futboldan gedirlər. Belə olduqda, nə təhsilləri olur, nə də fulbolçu karyeraları. Nəticədə cəmiyyət bir nəfəri itirir. Buna görə də təhsil həmişə öncül məqsədlərdən olmalıdı. Mən deyərdim, hətta futboldan da önəmli olmalıdır. Valideynlərimiz buna xüsusi diqqət yetirməlidirlər. Başqa bir məqam da var: psixoloji məqam. Futbol stressdir. Müasir futbolda məşqçilər daha çox nəticə istədiyinə görə – halbuki bu çox yanlışdır – uşaqlar çox stress altında olurlar. Bəzən psixoloji dayanıqlıq göstərə bilmirlər. Müəyyən müddətdə stresə dözəcək. Amma mütləq qırılma nöqtəsi olacaq. Tək futbolda deyil, əksər sahədə belədir.

Müəyyən maneələr olur. Kim o maneəni dəf edirsə, məqsədinə çatır, istədiyi sahədə oynayır. Ancaq ilişib qalanlar çıxılmaz vəziyyətdə qalırlar. Çıxılmaz duruma düşməmək üçün təhsil almaq lazımdır. Cəmiyyətdə yer tutmaq üçün. Bunlar sosial yaşamın prinsipləridir, deyə bilərik. Bir də görürük ki, uşaq gəlib 18 yaşına çatıb, bacardığı təkcə futbol oynamaqdır, o da müəyyən səviyyədə. Vəssalam. Sonra bu insanın vətəndaş kimi böyüyüb ailəsinə baxması çox çətin olur. Bizim rəhbər olaraq uşaqların üzərində məsuliyyətimiz var. Uşaq məktəbə getməyib, futbola gəlirsə, biz onu qəbul etmərik. Bu istiqamətdə düşündüklərimizin hamısının icrasına başlamamışıq. Çünki infrastukturumuz bəlli deyil. Klub olaraq problemimiz qalmayandan sonra biz hər ayın sonunda uşaqların məktəbli gündəliklərini, dərsə davamiyyətlərini, hazırlıqlarını yoxlayacağıq. Nəticəsi aşağı olan uşaqlara müəyyən cəza sistemi də tətbiq edəcəyik. Uşaq da o məsuliyyəti öz üzərində hiss etməlidir. Belə bir məşq sistemi var. Məsələn, qapıçıların məşqində məşqçilərimizdən biri uşağın reaksiyasını yoxlamaq üçün topu qapıya vurduğu anda digər məşqçimiz ondan vurma cədvəlini soruşur. Yəni o, həm topu xilas edir, həm də beynində əməliyyatlar aparır, düşünür. Eyni anda iki-üç işi görür. Bunlar müasir tədrisin nümunələridir. Arıtq yavaş-yavaş Avropadan lazımi məsələləri götürməliyik. Mən hiss edirəm ki, bu sistem uşaqların özünə də xoşdur. Qatıldığım məşqlərdə də görürəm ki, futbolçularımız belə şeylərdən həzz alır və növbəti məşqə hazırlıqlı gəlirlər”. 

“Bir az “yer”lə getsək, daha yaxşı olar”

Müsahibimiz iddia edir ki, heç bir futbolçunu yalnız bir məşqçinin yetirməsi adlandırmaq olmaz. Onun fikrincə, bu, sadəcə, mümkünsüzdür: “Hansı məşqçi deyirsə ki, filan futbolçunu mən yetişdirmişəm, səhv edir. Axı kim bir uşaqla fərdi olaraq 10 il məşğul olur. Varmı elə çalışdırıcı? Ancaq bir uşağı 10 il məşq etdirmək mümkün deyil. Bəlkə də elə mütəxəssislər var, mən bilmirəm. Deyək ki, məşqçinin bir komandası olu, orada 20 nəfər uşaqla işləyib, aralarında biri seçilib və yaxşı futbolçu olub. Hətta belə olduqda da əgər məşqçi deyirsə ki, bax bu uşaq mənim tapıntımdır, səhvə yol verir. Sual yaranır, əgər bir nəfəri yetişdirirdinsə, niyə digər 19 nəfəri yetişdirməmisən? Onlara haqsızlıq deyilmi? Təbii, müəyyən əziyyət çəkib, mən onu yerə vura bilmərəm. Ancaq razılaşa bilmərəm həmin sözlə. Heç bir məşqçi bir uşağı 10 yaşından peşəkarlıq yaşına kimi hazırlaya bilməz. Uşaq istedadlıdırsa, deməli, onun, necə deyərlər, “qabında var”. Sən saədəcə o “qab”dan düzgün istifadə etmisən. Çünki futbol təknövçülük idmanı deyil. Güləş deyil, cüdo deyil, komanda idmanıdır. Ola bilsin ki, hansısa məşqçi bir nəfəri küçədə görüb və akademiyaya gətirib. Ancaq o deyə bilməz ki, bu uşağı mən yetişdirmişəm. Universitetdə 20 nəfərlik qrupdan bir nəfər alim olursa, heç bir müəllim deyə bilməz ki, onu mən alim etmişəm. Alim olan şəxs özü daha çox çalışıb, özünün istedadı olub. Müəllim hamıya dərs deyib. Ancaq həmin o bir nəfər daha çox əziyyət çəkib. Mən şəxsən elə bir futbolçu yetişdirməyəcəyəm. Bu mənim gücüm daxilində deyil. Mən hamı üçün çalışacağam. Biliklərimi hamıya ötürməyə cəhd edəcəyəm. “Filan oyunçunu mən yetişdirmişəm” ifadəsi bir az pafoslu səslənir. Bu cümlə çox “yuxarı”dan gedir, bir az “yer”lə getsək, daha yaxşı olar”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Son yazılar

Yuxarı