“Qarabağ”ın futbolçusu Mahir Mədətov “CBC Sport”un “Qış nağılı” verilişində Roman Qriqorçuk haqda nəql etdiyi əhvalat “Qəbələ”nin etirazına səbəb olub. Eləməyib tənbəllik, rəsmi bəyanat verərək Mahirin ukraynalı çalışdırıcıdan üzr istəməsini tələb ediblər(!?). Amma əvvəlcə müəyyən edək, hansı daha gülməli idi: əhvalat, yoxsa bəyanat?
…Mahirin danışdığı əhvalat gülməli deyildi. Bir neçə prizmadan yanaşaq məsələyə.
Birinci məqam: ani verilən sual. Mahiri də qınamaq olmur. Verilişə gedirsən, birdən soruşurlar ki, ən yadda qalan əhvalatı danış, ya da nə bacarırsan, onu göstər və s. Həmin anda insanın səhər nə yediyi də yaddan çıxır. Ondan da soruşublar, bilməyib ki, nə desin. Ağlına ilk gələn şey bu olub və beynində emal edə bilməyib ki, görəsən danışacağı gülməlidir, ya yox?
İkinci məqam: yumor məsələsi. Mahirin yumoru odur. Hə, “mojno”, hahaha! Mən gülüş zövqünü mühakimə etmirəm, buna hüququm yoxdur, özümün də güldüyüm şeylərə Mahir və yaxud digəri: “Hə, nə olsun ki?”, – deyə bilər. Ancaq yenə də, gülmədik axı biz. Hiss etməmiş olmazsınız, verilişin digər qonaqları da görüntü xatirinə güldülər. Ramil başa düşmədi söhbət nədən gedir, gördü ki, hamı gülür, o da reaksiya verdi: “Bomba söhbət edirlər, qoy, gülüm”
Üçüncü məqam: əhvalatın gülməli olmaq potensialı. Yəni yaxşı danışılan söhbətlərə hamı gülür. Heç gülməli olmasa belə. Qəşəng danışırlar, əhvalatın sonunda bir çıxış və hahaha! Amma eyni əhvalat ikinci dəfə və ya bir başqasına danışılanda “sıfır”, ya da təxminən belə bir reaksiya: “Mən buna niyə gülmüşdüm ki?!”. Mahir də həmin əhvalatı uğursuz nəql etdi. Olur belə şeylər, bəzən çox gülməli hadisələr çox pis danışılır. Bu cür hallarda həm ət tökülür, həm də gülmürük. Ət tökülən anda gülmək qaça-qaça hıçqırmaq kimi bir şeydir, çox çətin prosesdir. Buna görə də, alınmamışdı…
Bəs “Qəbələ”nin yaydığı bəyanat? Bəli, buna gülmək olar. Niyə? Yuxarıdakı üç baxış bucağını çağırın, gəlsin.
Birinci məqam: hadisə vaqe olub dekabrın 31-də. Aradan 4 gün keçib. Mahirə sual ani olaraq verilib və bilməyib hansı əhvalatı danışsın. “Qəbələ”nin isə düşünüb-daşınmaq, lazımi üslubu tutmaq üçün 4 gün vaxtı olub. Bəyanat daldan atılan daş olmaya bilərdi, bəlkə də – içində yetərincə maraqlı, tutarlı əsas olsaydı… İkinci məqam: “Qəbələ”də çalışanlar məsələni necə gəldi nəql etmir, olduğu kimi və dəqiq çatdırır. Üçüncü məqam: bu bəyanatın ciddi olma potensialı yoxdur. Kim yazsa belə, yenə gülməli olacaqdı.
Məmmədov İlkin
