Hans-Diter Flik: “Müdafiəyə çəkilməyəcəyik, öz futbolumuzla oynayacağıq”
06.11.2025 , 17:33
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 4-cü turunda “Brügge” ilə 3:3 hesablı heç-heçədən sonra komandasının oyun fəlsəfəsi barədə danışıb.
Korner.az xəbər verir ki, almaniyalı çalışdırıcı vurğulayıb ki, komandası öz oyun üslubundan uzaqlaşmayacaq:
“Biz ‘Barselona’yıq və öz futbolumuzu oynayacağıq. Kimlərsə hər şeyi dəyişmək istəyir, amma mən o məşqçilərdən deyiləm. Müdafiəyə çəkilib 1:0 hesablı qələbə üçün oynamaq, əks-hücum futboluna keçmək niyyətimiz yoxdur. Sonuncu zonada müdafiə olunmaq da, oyun fəlsəfəmizə sadiq qalmaq da mümkündür. Sadəcə, hər şeyi daha yaxşı etməliyik”.
Flik hazırkı vəziyyəti də qiymətləndirib:
“Keçən il oyundankənar vəziyyətdən buraxılan qollar fərqi bir-iki metr idi. Bu mövsüm rəqiblər bizə daha çox problem yaradır. Hazırda ən yaxşı formamızda deyilik, amma nikbinəm. Beynəlxalq fasilədən sonra Rafinya, Xuan Qarsiya və Pedri dönəcək, Dani Olmo və Robert Levandovski isə daha yüksək səviyyəyə qalxacaq”.
Çempionlar Liqasında 4 turdan sonra “Barselona” 7 xalla 11-ci, “Brügge” isə 4 xalla 22-ci pillədə qərarlaşıb.