Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a uduzan (1:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.
Abasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
– Oyuna pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.
– Mehdi Cənnətovun oyunundan razı qaldız?
– Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.
– Cavid İmamverdiyevin zədəsi necədi?
– Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Ümid edirəm ki, zədəsi ciddi deyil.
– Hakimlikdən razı qaldız?
– Hakimlik barədə danışmaq istəmirəm.
