“Əgər “Bakı” Avroliqaya düşə bilməsə, heyətdə köklü dəyişiklik olacaq. Heyət tamamilə dəyişəcək. Çünki bizə bir mövsümlük yox, nəticə verən sabit kollektiv lazımdır”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın prezidenti Hafiz Məmmədov deyib.
Paytaxt klubunun başçısı Premyer Liqanın formatını dəyişməsinə də münasibət bildirib:
"Bu, düzgün qərardı. Əsas odu ki, nəticəsini görək. Birinci Divizion klublarında ən azı səkkiz gənc futbolçunun meydanda olmasına dair qərar mənim daha çox xoşuma gəldi. Hazırda “Lokomotiv”də çoxlu gənc futbolçularımız çıxış edir. Super Kubok barədə qərarı da alqışlayıram. Bu oyunda iştirak etməyi çox istərdik".
Daha sonra H.Məmmədov AFFA prezidenti olacağı ilə bağlı gəzən söz-söhbətə belə aydınlıq gətirib:
"Rövnəq Abdullayev bu işin öhdəsindən onsuz da layiqincə gəlir. Onun rəhbərliyi altında Azərbaycan futbolu inkişaf edir. Rövnəq Abdullayev FİFA prezidenti olsa mən də AFFA prezidenti olaram (gülür)".
