İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib.
Korner.az-ın “Bakı”nın rəsmi saytına istinadən məlumatına görə, görüş zamanı Serezo iki klub arasındakı əməkdaşlıq barədə fikirlərini bölüşüb.
O deyib: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan – İspaniya ticarət palatası da təsis olunub”.
“Atletiko”nun prezidenti, həmçinin Xocalı faciəsini pisləyib: “Bugünlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”.
Görüşün sonunda Serezo Məmmədova öz hədiyyələrini təqdim edib.
