Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
Mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən CISM-in rəsmi nümayəndəsi Kim Hyun Soo yarışın əhəmiyyətindən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Çempionat bağlı elan edildikdən sonra CISM-in bayrağı gələn il yarışlara ev sahibliyi edəcək Çinin Müdafiə Nazirliyinin nümayəndəsinə təqdim edilib.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.
İyirmi iki ölkədən 350-dən artıq nümayəndənin iştirak etdiyi çempionatda Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası 2 qızıl, 3 gümüş və 6 bürünc medal olmaqla 11 medal qazanıb.
report.az
