Layihə

Hər işdə bir legioner: “Arkada kalan” Arkadi – YAZI

14.09.2016 , 18:13

Azərbaycan idmanının, demək olar ki, bütün sahələrində legionerlərdən istifadə olunur. Açıq danışsaq, legioner niyə olsun ki? Qədim Romada əsgərlər legion adlandırılırdı. Sonradan isə bu sözdən legioner kəliməsi əmələ gəlib. Eradan əvvəl legioner sözü vətənindən ayrı düşmüş və artıq doğma yurdu hesab etdiyi (!) başqa ölkədə yaşayıb xidmət edən əsgərlərə deyilirdi. Müasir dövrdə bu məfhum daha çox idman aləmində işlənilir. Başqa ölkədən olanlar digərinin uğurları üçün çalışır. Nə dərəcədə çalışır? Qalibiyyəti üçün əlləşdiyi ölkə isə onun doğma yurdu hesab oluna bilərmi? Bu artıq mübahisə doğurur…

Qeyd etdiyim kimi, əksər idmanda legionerlərdən istifadə edirik. Rioda keçirilən Yay Olimpiya oyunlarına da, az qala əsl azərbaycanlıdan çox legioner yollamışdıq. Uğur qazanan da oldu, qazanmayan da… Qeyri-olimpiya idman növünün – şahmatın özünün ayrı olimpiyadası var ki, bununda sayca 42-cisi Bakıda keçirildi. Bəli, bu yarışa da legioner yolladıq. Həmin legioner ki, əsas komandada yer aldı və ən bərbad nəticəni göstərdi. Söhbət Litva əsilli Arkadi Naydiçdən gedir. Türklər demiş – Arkadi “arkada kaldı”. Həqiqətən də, şahmatçı əsas yığmamızda olan üzvlərin hamısından arxada qaldı. Hətta ondan daha az oyun keçirən Eltac Səfərli belə Naydiçdən çox xal topladı. Onun haqqında danışmazdan öncə Arkadinin keçirdiyi oyunların statistikasına nəzər salaq:

1. Masanqo Spenser (Zimbabmve) – 1:0

2. Nikolovski Nikola (Makedoniya) – 1:0

3. Qledura Benjamin (Macarıstan) – 1:0

4. Jianu  Vlad-Kristyan (Xorvatiya) – 1:0

5. Vidit Santoş Quyrati (Hindistan) – 0:1

6. Mastrovasilis Atanasios (Yunanıstan)  – 0:1

7. Qrişük Aleksandr (Rusiya) – 0:1

8. Qaveyn Cons (İngiltərə) – 0:1

9. Atabayev Saparmyrat (Türkmənistan) – 1:0

Arkadi 11 turdan 9-da iştirak etdi və 4 dəfə məğlub oldu. Olimpiadada medala iddia edən komanda üçün bu nəticə yol verilməzdi. Kiçik müqayisə aparıb əsl azərbaycanlı olan, lakin əsas yox, ikinci komandada mübarizə aparan Qədir Hüseynovun nəticəsinə də nəzər salaq. Şahmatçımız da legionerimiz kimi 9 oyun oynayıb və heç birində uduzmayıb – 7 xal.

Sual yaranır ki, öz şahmatçımız qala-qala niyə hamıdan arxada olan Arkadi Naydiçi milliləşdirib ona şans verdik? Bu sual əsas yığmamızın kapitanı Aleksey Dreyevə də ünvanlandı, lakin o, sualdan yayınmaqla yanaşı maraqlı etiraf da etdi. Kapitan bildirdi ki, Qədir Hüseynovla oynadığı heç bir oyunda qalib gələ bilməyib.

Legionerimiz olimpiadada 5 dəfə rəqibini təslim edib və bu rəqiblərin hamısı reytinqə görə Arkadidən aşağıda olub. Ciddi rəqiblərdən yalnız Macarıstanı məğlub etdik ki, o qarşılaşmada da Arkadinin bəxtinə 17 yaşlı Benjamin Qledura düşdü. Gənc şahmatçı 2585 FİDE reytinq xalına malikdi və bu sahədə addımlarını yeni-yeni atır. Cons Qaveyn (İngiltərə) ilə oyunda isə dəfələrlə səhvə yol verən Arkadi komandaya lazımlı xalı qazandıra bilmədi. Yunanıstanla olan xal itkisində də Arkadinin “rolu” vardı. 

Təbii ki, bütün günahları Litva əsilli şahmatçının üzərinə yıxmaq düzgün deyil. Hər halda komandada ondan başqa da zəif olan şahmatçılar vardı. Ancaq legionerimizin bizə faydası olmadı. Arkadinin əvəzinə Qədir Hüseynova şans versək, kim bilir nəticə daha yaxşı ola bilərdi…

P.S. Ataların yaxşı deyimini xatırlatmaq yerinə düşər – “Hər işdə bir xeyir var” Biz bu ifadəni Azərbaycan idmanı üçün dəyişib – “Hər işdə bir legioner var” etsək, daha məqsədə uyğun olar.

Yazı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

Son yazılar

Yuxarı