Topaz Premyer Liqasının 28-ci turunda “Zirə” səfərdə AZAL-ı məğlub edib – 0:3.
Korner.az-ın məlumatına görə, oyundan sonra qalib komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:
AZAL-a və Tərlan Əhmədova uğurlar arzu edirəm. Çempionatın son matçı idi. Avrokuboklara son ana kimi mübarizə gedirdi, buna hazır idik. İstədiyimizə nail olduq. Rəhbərlik bizə hər cür şərait yaratmışdı, onların etimadını doğrultmağa çalışdıq. Ağır oyunlar oldu. Sevinirik ki, cəmi 2 oyunda məğlub olduq. Döyüşkən komanda yaratmaq istəyirdik, buna nail olduq. Qarşımıza qoyulan məqsədə çatdıq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.
– Hazırkı büdcə ilə Avrokuboklarda uğurlu çıxış etmək olar?
– Bu oyuna köklənmişdik. Avropa arenasında çıxış etmək üçün daha da güclənmək lazımdı. Bunu həm də növbəti çempionata da aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun.
– Ən çox hansı mövqeyə oyunçu transfer etmək istəyirsiniz?
– İlboyu komandamızda rəqabət var idi. Amma bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı analiz edib, qərara gələcəyik. Hər mövqeyə ehtiyac var.
– Təmkin Xəlilzadəyə iddialı klublardan təklif var…
– Hamının Təmkindən danışması sevindiricidi. Onunla 2 gündü söhbət edirəm ki, təkliflər onu aldatmasın. Bu gün ona oynamaq lazımdı. Çalışacağıq ki, komandada saxlayaq, amma son sözü özü deyəcək.
(futbol11.az)
