25 avqustda "Xəzər Lənkəran" – "Neftçi" oyunundan sonra həbs olunan azarkeşinlərinin yekun məhkəməsinin təxirə salındığını xəbər vermişdik.
Təqsirləndirilən şəxslərdən, xəstəliklə bağlı şərti azadlıqda olan Rəfail Əkbərov həbs olunmaqları və məhkəmə prosesi barəsində korner.az-a açıqlama verib:
"Günahsız ola-ola həbs olunmuşuq və bu səbəbdən 7 nəfər qurban olacaq. Düzgün istintaq aparılmır və buna görə 4il 6ay həbs yatmalıyıq. Stadionda 10 min azarkeş var idi, bəs niyə görə biz cəza çəkməliyik? Dünya futbolunda belə ixtişaşlar tez-tez baş verir, amma heç yerdə azarkeşi 4 illik azadlıqdan məhrum etmirlər".
Məhkəmənin verəcəyi qərar barəsində də açıqlama verən Rəfail azadlığa çıxacağına inanmadığını bildirib:
"Düzünü desəm inanmıram ki, məhkəmə ədalətli qərar verər. Çünki günü-gündən bir bəhanə tapıb məhkəməni uzadırlar. Üzümüzə dirəşirlər ki, əsgər vurmusunuz. Biz 7-miz də əsgərik, gələcəyin əsgərləriyik. Niyə əsgərə daş ataq, niyə görə? Dəlilsiz, sübutsuz bizi həbs edəcəklər".
Son olaraq Rəfail Əkbərov həbs olunsalar belə qəlbində "Xəzər Lənkəran" sevgisinin ölməyəcəyini deyib:
"Həbs olunsam belə "Xəzər Lənkəran"a olan sevgim heç vaxt bitməyəcək. İnşAllah azadlığa çıxaram və bütün oyunlarda doğma komandama dəstək olaram".
İlkin Sultanlı
