Azərbaycan superkubokunun Naxçıvanda təşkili ilə bağlı “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin fikirlərini öyrəndik.
O, korner.az-a açıqlamasında bu fikirləri səsləndirib: “Superkubokun Naxçıvana təyinatını alqışlayırıq. Bu cür oyunların paytaxtdan kənarda bölgələrdə və başqa şəhərlərdə də keçirilməsi təqdirə layiqdir. “Neftçi” komandası oktyabrın 22-si Naxçıvana yola düşəcək. Lakin hansı oteldə qalacağımızı dəqiqləşdirməmişik. Paytaxtdan azarkeş aparıb-aparmamaq barədə konkret bir qərar verməmişik. Lakin Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da çoxsayılı “Neftçi” azarkeşlərinin olduğunu bilirik və onların bizi dəstəkləmək üçün oyna gələcəklərinə əminik. Oyundan sonra gecə Bakıya qayıtmağı planlaşdırırıq. Çünki 3 gün sonra Premyer Liqada növbəti oyunumuza çıxacağıq. Və son olaraq onu qeyd etmək istəyirəm ki, “Neftçi” azarkeşləri ürəklərini buz kimi saxlasınlar. Futbolçularımız kuboku qazanmaq üçün əllərində gələni edəcəklər və biz qalib gələcəyimizə inanırıq”.