Çox unikal millətik. Bütün faciələrimizdən sonra birilərini “günah keçisi” elan edib mütləq qanına qəltan eləməliyik. İstəyirsən siyasətinə bax, istəyirsən futboluna. 20 yanvar boyda faciəni hələ də dövlət səviyyəsində tanıya bilmirik. Niyə? Çünki özümüzün təhqiqat qrupumuzun siyahısında faciənin baiskarı kimi özümüzünkülər (dəxli yoxdu, şəxsiyyətli adamlardı, ya şəxsiyyətsiz) göstərilib…
Götür elə Ukraynaya 0:6 hesabıyla uduzduğumuz oyunu. Neylədilər? Futbolçular oldular “günah keçiləri”. Komandanı söküb-tikdilər – yerli uşaqları göndərdilər, ernanilərdən, ladaqalardan azərbaycanlı qayırdılar. Sonuc? O ernanilər, ladaqalar daha yoxdular. Millidə yenə həmin yerli uşaqların neçəsi oynayır. Nə dəyişib? Heç nə! Yenə əldə var sıfır!
İndi “Xəzər Lənkəran” da o yolla iri addımlarla irəliləyir. Biz görmüşdük, məsuliyyəti boynuna götürən adam olar \”qurban\” edilən. 0:8-in məsuliyyətini boynuna götürən Toşak, komandadan qovulan isə futbolçular. Where is logic, men?
İndi elə bilirlər ki, futbolçuları göndərən kimi hər şey dəyişəcək. Klubdan verilən açıqlamaya bax, sən allah: \”Kimlərsə 2 il əvvəl Mirça Rednikin başına gətirdikləri hadisəni təkrarlamaq istəyirlər. Amma bu dəfə komandanın baş məşqçisi yox, həmin futbolçular gedəcək\”. Yəni dolayısıyla etirafdı bu. Təxminən bu cür: “İki il əvvəl futbolçular Rednikin “torbasını tikdilər”, amma biz Redniki göndərdik. Səhv eləmişik. Bu dəfə isə futbolçular gedir, Toşak qalır”.
Göndərilən futbolçulara bax: Doblas, Orsuliç, Bonfim və Pit. İlk “üçlüyü” boş ver, amma Piti niyə göndərdiklərini çıxıb izah eləməlidilər. Yaxud deməlidilər ki, futbol adına ləkə olan, həm Azərbaycan çempionatında, həm də avrokuboklarda aldığı “qırmızılar”la, etdiyi tərbiyəsizliklərlə komandanı diz üstə çökdürən Elnur Allahverdiyevi niyə saxlayıblar? Yaxud çıxıb izah etməlidilər ki, qışda aldıqları Doblasla Orsuliçin indi buynuzumu çıxdı ki, “qavalayırlar”? Ya da çıxıb hesabat verməlidilər ki, illərdi komandanı kim poliqona çevirib? Kimdi hər 6 aydan-bir bunca futbolçunu “Xəzər Lənkəran”a sırıyan, “doldur-boşalt” oyunu oynayan? Siz bu məsələləri çözmədikcə, azarkeşiniz klubunuzun adından daha böyük görünəcək, Mübariz bəy. Necə ki 10 ildi belədi!
P.S. Bu 10 ildə neçə-neçə idarəçi, baçş məşqçi, futbolçu əvəzləndi, heç nə dəyişmədi. Bir lənət var sanki bu klubun üstündə. İllərdi çözülməyən lənət. O qədər böyük ki hər il klubun yaşından daha çox böyüyür. Qocaldır. Əsəb xəstəsi edir. İsterik gülüşə aparır.
Saleh Arslan
