Hərdən mənə sual verirlər ki, “niyə yazılarında klublaraımıza qarşı bu qədər aqressivsən? Hər halda, hələ inkişafdadırlar, onlarında da müsbət məqamları var”. Bunu imtahanda 4 səhvin bir düz cavabı aparması ilə müqayisə etmək olar. Azərbaycan futbolunda düz nəsə axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir, yaxşını tapanda belə pislər imkan vermir ki, sevinək. Bu gün “Xəzər Lənkəran”ın durumu hər kəsə bəllidir. Klubda gəncləşdirmə siyasəti aparılır, demək olar ki, cənub təmsilçisi iddiasız kluba çevrilib. Adamı yandıran odur ki, vaxtilə hansısa Eliasa 1 milyon dollar ödəyən klub indi ikinci heyət futbolçularının ümidinə qalıb. Eyni sözləri “Bakı” haqda da demək olar. Günah kimdədir? Özlərində! Mətbuatın nəsihətlərini qulaq ardına vurdular, “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etdilər, yoldan keçən filankəsin başına milyonları tökdülər və nəticə!
İndi isə “həyəcan təbili”ni “Qəbələ” üçün çalmaq lazımdır. Düzdür, çox güman ki, klub rəhbərliyi bir həsir, bir Məmmədnəsir qalandan sonra ayılacaq, amma bizdən demək. Probləmlərin təməli hələ ötən il ölkə kubokunun finalından sonra Yuri Syominin istefa verməsiylə qoyulmuşdu. Hələ onda qeyri-peşəkarlıq özünü göstərdi, iyulun 1-i Avroliqa görüşü var idi, yeni baş məşqçi isə yalnız iyunun 15-i (!!!) təyin olundu. Təbii ki, belə də “Şiroki Briyeq”lə görüşdə fiasko qaçılmaz oldu. Dorinel Muntyanu yaradılan bütün şərait və vaxta rəğmən, “Qəbələ”də heç nə edə bilmədi, əksinə, klubu daha da pis vəziyyətə qoydu və getdi. Komandanın hazırkı vəziyyəti başı daşdan-daşa dəyən rəhbərliyin bundan dərs çıxarmadığını göstərir. Mövsümün ilk hissəsi bitən kimi Muntyanu ilə yollar ayrıldı və yerinə Roman Qriqorçuk gətirildi. Yağda böyrək kimi saxlanılan Qriqoçukun hazırkı vəziyyətə görə nədənsə şikayətlənməyə üzü olmamalıdı. Qış fasiləsi vaxtı 7 yoldaşlıq görüşü keçirən,istədiyi futbolçunu transfer edən, hər cür şərait yaradılan Qriqorçukun fikri nədir? Adama deyərlər, öz doğma divarların arasında uduzduğun AZAL qışın yağış-qarında süni meydançalarda məşq edən vaxt, sən Antalyada kef çəkirdin… Ukraynalı məşqçi hələ ki, ancaq “Çernomerets”in futbolçularını Azərbaycana köçürməklə məşğuldur. İndidən adınızı dəyişib, “Çernomerets-2” qoyun, bilək də işimizi. Ümumiyyətlə, “Qəbələ” çox qəribə klubdur. Adı bizimki, dadı özgəninki. Əcnəbi məşqçi gəlir, və heyətə öz vətəndaşlarını cəlb edir. Syomin rusları, Muntyanu rumınları, Qriqorçuk ukraynalıları.
Əslinə qalsa, nə Qriqorçuk, nə də bu klubun kreslosu olub, işi olmayanlarında günah axtarmaq lazımdı. Vallah, onların yerində mən də olsaydım, elə edərdim. Günah elə futbola biznes mənbəyi kimi baxan rəhbərlikdədir. Yoldan keçəni baş məşqçi qoyurlar, hər istədiyini edir, nazıyla oynayırlar, nəticə vermədiyini görüb, göndərirlər. Yerinə başqa bir yoldan keçəni qoyurlar. İllərdir, “Qəbələ”də bu xəstəlik davam edir – hər 6 aydan bir heyət dəyişir, hər gələn özü kimləri gətirir.
Hörmətli “Qəbələ” rəhbərliyi! Nə qədər ki, gec deyil, qəflət yuxusundan ayılın, avrokubok qatarı getmək üzrədir. Ən əsası ”gözü çıxmış qardaşlarınız”ın – “Bakı” və “Xəzər Lənkəran”ın düşdüyü vəziyyətdən dərs çıxarın. Nə qədər ki, Heydərovun avroları parıltısını itirməyib…
Ürfan Məmmədzadə
