“Ola bilsin, həmin futbolçu Azərbaycanda başqa kluba təklif olunub. Və görünür, Azərbaycanda “Neftçi”dən başqa klub tanımadığından, “Neftçi”yə gələcəyini düşünür”.
Bu sözləri Korner.az-a açıqlamasında kolumbiyalı hücumçu Luis Karlos Ruisin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbəri şərh edən “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
“Flaqman”ın rəsmisi qeyd edib ki, bu tip xəbərlər “Neftçi”nin adından istifadə edib maddi qazanc götürənlərə şərait yaratmaqdı: “Biz dəfələrlə bəyan etmişik ki, qış transfer dövründə komandaya yeni futbolçu alınmayacaq. Çox böyük ehtimalla, mövsümü hazırkı heyətlə başa vuracağıq. Buna rəğmən, belə iddiaların ortaya atılması “Neftçi”nin adından istifadə edib özünü reklam etməkdi. Jurnalist dostlarımdan xahiş edirəm ki, bu kimi məsələlərdə diqqətli olsunlar. Və maddi qazanc güdənlərə şərait yaratmasınlar”.
