Gəncədə “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
01.04.2019 , 18:45

Aprelin 4-də və 5-də Gəncə şəhərində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin idman zalında keçiriləcək yarışda 12 məktəbdən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçiriləcək. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim olunacaq.
Qeyd edək ki, “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qaxda təşkil olunub.
