Bu gün Azərbaycan futbol tarixinin ən parlaq simasının, “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ad günüdür.
Karyerası ərzində “Neftçi”yə sadiq qalan keçmiş hücumçunun 68 yaşı tamam olur. 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. O, 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.
SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. O, “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirinin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 10-da ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət ordeni” ilə təltif olunub.
