“Mövsümlərarası fasilə çoxdur deyə futbolsuz lap ürəyimiz partlayır. İstirahət etmək üçün vaxtımız çoxdur, arada uşaqlarla yığışıb futbol oynayırıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Futbolsuz darıxdığını deyən müdafiəçi çempionatın tez başlamasını istəyir: “Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin, indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budur. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.
