20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqovun Makedoniya ilə oyunla (0:1) bağlı fikirlərini açıqlayıb
Gənc məşqçi görüşlə bağlı bunları deyib:
“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim. 12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik.
Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidir. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı.
Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm.
Avtoqol məni çox məyus etmədi. Bu, texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.
