“Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar”
21.12.2020 , 02:36
Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuatı keçirilib.
Korner.az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyunu belə şərh edib:
“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdu. Balanslaşmış heyətə malik güclü kollektivdi. Çətin olacağını bilirdik. Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadı və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədi. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar”.
Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb:
“Muradov hücumameylli oyunçudu. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdu. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdı. Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. Çünki “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”.