Bir futbolçunun başına gələ biləcək ən qorxunc hadisə onun zədələnməsidi. Zədələr bəzən çox istedadlı futbolçuların bütün karyerası bahasına başa gəlir, bəzən isə daha güclü geri qayıtmağına kömək edir.
Birinciyə misal olaraq hamımızın yaxşı tanıdığı fransalı futbolçu Djibril Sissenin adını qeyd etmək olar. Çox istedadlı olan bu fransıza oynamağa zədələr imkan vermədi. Futbol Sisseyə hər iki ayağına açıq sınıq bəxş edib.
İkinciyə misal isə, “Arsenal”ın futbolçusu Aron Remzini xatırlamaq yerinə düşər. O da “Stok Siti” ilə matçda rəqibin çox kobud oyununun qurbanı olmuşdu. Bu zədə onun futbol karyerasını dəyişdi, desək yanılmarıq. Zədəyə qədər azarkeşlərin fit səsindən başqa bir şey qazanmayan futbolçuya ayağını sındırmaq “düşərli” oldu. Geri qayıtdıqdan sonra ondan gözlənilməyən performansı göstərən Remzi “hər işdə bir xeyir var” məsələni əyani olaraq sübut eləmiş oldu.
Hər şeyin komik tərəfi olan kimi zədələrin də gülməli yanları olur. Daha doğrusu, tragikomik zədələr. Bu tip hadisələrə uyğun bir-iki misal çəkməyəcəm. Bir yazı həsr edəcəm.
1. Santiyaqo Kanyisares
Karyerasına “Real Madrid”də başlayıb “Valensiya”da bitirən bu qapıçı İspaniyanın ən bəxtsiz qapıçısı sayıla bilər. Kanyisaresin futbol oynadığı müddətdə debütü, ilk uğurlu çıxışı və s. kimi məqamlardan uzaqlaşıb bu yazının qəhrəmanı olmasının səbəbini yazmaq istərdim.
Karyerası boyu demək olar ki, böyük turnirlərin heç birində çıxış etməyib. Ya Subisaretta, ya da Kasilyasın əvəzləyicisi kimi ehtiyat oyuncular skamyasında yerini heç kimə təhvil verməyən qapıçı üçün hər şey yaxşıya doğru dəyişə bilərdi. 2002-ci il Yaponiya və Koreyada keçirilməli olan Dünya Çempionatına əsas qapıçı kimi yollanacaq Kanyisaresin başına elə hadisə gəlir ki, kim olsa dizlərini yerə atıb hönkür-hönkür ağlayar. Bəlkə də, Santi bunu edib…
Əsas qapıçıların zədəli olması səbəbilə ilk 11-liyə salınan bu “əlcək sahibi”ni mundialdan adi ətir şüşəsi məhrum edib. Belə ki, yaşadığı evdə ətirdən istifadə etmək üçün onu masanın üzərindən götürmək istəyir. Lakin ehtiyatsızlıq üzündən ətir şüşəsi yerə düşür. Kanyisares isə onda olan qapıçı refleksindən istifadə edərək şüşəni yerə düşməkdən xilas etməyə çalışıb. Lakin istəyinə nail olmayan qapıçının vətəri kəsilir. Bununla da, o, mundiala aparılmır.
2. Steyn Sxars
Hollandiyalı futbolçunun da başına qeyri-adi zədələnmə hadisəsi gəlib. Əslində, buna zədələnmə yox, sıradançıxma deyərdim.
“AZ Alkmaar”ın futbolçusu olan Sxars oyunların birində ağzına “sahib çıxa” bilməyib. Oyun zamanı ağız boşluğuna milçək girən hollandiyalı ilk öncə özü həşəratla “mübarizə aparmaq” istəyib. Çox çalışsa da, milçəyi ağzından çıxara bilməyən Sxarsa həkimlər müdaxilə edib. Mədəsinə qədər gedən bu həşəratı nəhayət çıxarmaq mümkün olub. Hadisəni futbolçu özü belə şərh edib:
“Nə edəcəyimi bilmədim. Milçək boğazımda ilişib qalmışdı. Onu tüpürüb çıxarmağa çalışdım, amma alınmadı”
Bu “zədə”yə görə Sxars bir neçə vacib oyunda komandasına kömək edə bilməyib.
3. Rio Ferdinand
Hamımızın yaxşı tanıdığı Rio Ferdinand sözün əsl mənasında oturduğu yerdə işə düşüb. Hələ “Lids”də oynayan vaxt Rio oturduğu halda zədələnən tək-tük futbolçulardandı.
Evində istirahət edən Ferdinand kresloda əyləşərək televizora baxır. Ayağını da yazı masasına uzadır. Futbolçu nəhayət yerini rahatlaya bilir. Bu vəziyyətdə saatlarla qalan futbolçu bir telefon zənginin güdazına gedib.
Telefon Ferdinandın oturduğu yerdən xeyli uzaqda idi. Rio isə tənbəllikdən ayağa durmayıb oturaq halda uzanaraq telefonu götürmək qərarına gəlir. Bu isə futbolçunun əzələsinin dartılmasına səbəb our. Nəticədə Rio bir neçə həftə futbol oynaya bilmir.
4. Kirk Broudfut
Şotlandiyalı futbolçu qol sevincləri ilə daha çox tanınır. Broudfut da öz evində zədələnib.
Kirk qərara alır ki, bir gün yumurtaları sobaya atıb orada bişirsin. Belə də edir… Britaniyalı futbolçu 2 saatdan sonra yumurtaları sobadan çıxararkən “zədələnir”. Belə ki, yumurtalar partlayır və onun sifətini yaralayır.
Bu zədə Broudfuta tam 4 həftə futboldan uzaq qalmağa məcbur edib.
5. Aleks Stepni
Qatı “Mançester Yunayted” azarkeşləri, yəqin ki bu qapıçını tanıdı. Stepni İngiltərə yığmasının da formasını geyinib. Onun zədələnmə anını isə ingilislər, bəlkə də lətifəyə çevirib.
1975-ci ildə “Birminhem”ə qarşı çətin oyunda Stepni “Mançester Yunayted”in qapısını qoruyurdu. Epizodların birində rəqib hücumçu ilə toqquşan qapıçı çənəsindən ciddi zədə alır. Həkimlər yerində müdaxilə edir və qapıçı oyunu davam etdirir.
Amma çənəsinin çıxması Stepninin bu reytinqə düşməsi üçün səbəb ola bilməz. İngilis qapıçı komanda yoldaşlarının üstünə o qədər əsəbləşərək qışqırır ki, axırda çənəsi buna dözməyərək birdəfəlik sıradan çıxır.
Bundan sonra əvəzlənən Stepni bir neçə oyun komandasına kömək edə bilmir.
P.S Bu hadisələr futbolu bir qədər də gözəlləşdirir. Amma bu yazının sonu deyil, sadəcə bir hissəsidi…
Məmmədov İlkin
