Yazının ilk hissəsində də bildirdiyimiz kimi, futbolçu üçün ən qorxunc hadisə onun zədələnməsidi. Ancaq bəzən bu qorxunc hadisələr də gülüş hədəfinə çevrilir. Ötən yazıda oturduğu yerdə əzələsini dartan, ətir şüşəsi və yumurtaya görə zədələnən futbolçular haqda yazdıq. Budəfəki qəhrəmanlarımızın da başına bir-birindən maraqlı hadisələr gəlib. Çox uzatmadan mətləbə keçək.
1. Stiv Morrou
Ölkəmizdə kifayət qədər “Arsenal” azarkeşi var. Yəqin ki, onların əksəriyyəti bu futbolçunu tanıdı. Stiv Morrounun zədələnməsi sevincini yaşaması anına təsadüf edib. Bu futbolçunun çempionluğu bayram etməsi çiyninin sınmasına səbəb olub.
1993-cü ildə İngiltərə Liqa Kubokunun finalında “Şeffild”i məğlub edən “Arsenal" baş mükafata sahib çıxır. Futbolçular isə bu anı qeyd etmək üçün bir-birinin üzərinə atlayıblar. Morrou isə artıq bizə çox yaxşı tanış olan Toni Adamsın üzərinə hoppanıb. Hazırda “Qəbələ”nin rəsmi şəxsi olan Toni Adamsın isə Morrounu saxlamağa gücü çatmayıb. Bununla da, Stiv yıxılıb və körpücük sümüyünü sındırıb.
2. Leroy Lita
Bir vaxtlar İngiltərə futbolu üçün böyük ümidlər vəd edən Leroy ona olan ümidləri heç cür doğrulda bilmədi. Buna baxmayaraq, karyerasını reytinqimizə düşəcək hadisə ilə zənginləşdirdiyinə görə ona təşəkkür edirik.
Keçək əsas məsələyə… Demək, bu qəhrəmanımız topdan çox yatmağı sevir. Məşqlərə də daha çox yuxudan gec oyandığına görə ləngiyirdi. Günlərin bir günündə, yuxudan ayılan Leroy bütün insanların ən çox etdiyini edir – əsnəyir. Lakin çox ürəkdən əsnəyən Leroy əzələsini dartır.
Bu hadisə onu 5 həftə futbol oynamaqdan məhrum edib.
3. Darius Vassel
Oğlan uşaqların əksəriyyəti hələ kiçik yaşlarından futbol oynamağı sevib. Daha çox qır, asvalt üzərində top qovurduq. Bu da ayağımızda müxtəlif yaralar yaradırdı. Belə olduqda isə evdəkilərdən gizlədirdik və yaralar çox vaxt özü sağalırdı. Darius Vassel də belə etmək istəyib. Amma o, evdəkilərdən yox, həkimlərdən gizlədib.
Günlərin birində futbolçunun ayağının baş barmağında yara peydə olub. Yara dırnağın altında olduğundan Vassel buna o qədər də narahat olmayıb və həkimə müraciət etməyib. İmunitetinin yara ilə mübarizə aparmasını da gözləməyən bu qəhrəmanımız özü bu məsələyə əncam çəkmək istəyib. Elə nə olubsa, bundan sonra olub.
Dırnaqlarını tutub barmağını yaradan xilas etmək istəyən Vasselin ayağına çirk hopur və infeksiya qanına yayılır. Nəticədə bir neçə həftə komandasına kömək edə bilmir.
4. Alesandro Nesta
İnanıram ki, bütün futbolçular "PlayStation" oynamağı sevir. Real həyatda qaçırılan qol epizodları futbolçularda hansı emosiyaların yaratdığını hər kəs bilir. “PlayStation”da da qaçan qolun məşhur futbolçuda necı vəziyyət yaradacağını da təsəvvür edin.
“Milan”ın əfsanəvi futbolçusu Nesta məhz “PlayStation”un “qurban”ı olub. Öz evində istirahət edən Nesta oyun oynamaq qərarına gəlib. Lakin oyunda bir xeyli qol epizodu qaçırıb. Hirsini “PlayStation” konsolundan çıxıb. Bu isə ona vətərlərinin kəsilməsi bahasına başa gəlib.
Nesta bu zədəyə görə komandasına bir oyun kömək edə bilməyib.
5. Karlo Kudiçini
“Çelsi”nin sabiq üzvü olan Kudiçinini öz iti zədələyib. Məşhur qapıçı da ani ehtiyatsızlığın qurbanı olub.
Kudiçini öz iti ilə London parklarının birində gəzməyə çıxır. Parkda dolaşan zaman itin diqqətini nəsə cəlb edib və o, həmin obyektə doğru şığıyıb. İtin ipini buraxmayan Kudiçini isə özünü saxlaya bilməyib və yıxılıb. Yerə böyük zərblə dəyən qapıçı dizindən ciddi zədə alıb. O qədər ciddi ki, hətta əməliyyat da tələb olunub.
Buna görə Karlo bir müddət futboldan uzaq qalıb.
Məmmədov İlkin
