UEFA və FİFA hər nə qədər futbolun siyasətdən ayrı olduğunu bəyan etsə də, buna heç özlərinin də inandığına əmin deyiləm. Məhz siyasi səbəblər ucbatından dünya və Avropa çempionatlarının püşkatması zamanı Azərbaycanın Ermənistanla, Rusiyanın Gürcüstanla, İspaniyanın Cəbəllütariqlə, Rusiyanın Ukrayna ilə bir qrupa düşməməsi qabaqcadan təmin olunur. Məşhur ispan diktator Frankonun aforizmə çevrilmiş belə bir sözü var: “Mən ölkəni üç “F” ilə idarə edirəm: Futbol, Fado(din), və Fiesta (əyləncə)”. Marksist inqilabçı Çe Qevara isə futbolu dünyanın ən güclü silahı hesab edirdi. Əfsanəvi liberiyalı futbol adamı Georgi Vihinin də “Futbol əzilən xalqların xoşbəxtliyidir” sözü qısa zamanda məşhurlaşmışdı. Elə isə mən də sizi çox gözlətmədən siyasətin futbola təsiri ilə bağlı tarixdən bəzi nümunələrə keçək.
“Ya qazan, ya da öl”
İtalyan diktator Benito Mussolini I Dünya müharibəsinin kölgəsində, II Dünya müharibəsinin isə hazırlıqları ərəfəsində baş tutan DÇ-1934-ə təbliğat vasitəsi kimi yanaşırdı. I Dünya müharibəsi zamanı italyanlar sərhədyanı bölgələri bir qədər genişləndirmişdilərsə də, məqsədlərinə tam nail ola bilməmişdilər. Ölkədə revanşizm əhval-ruhiyyəsi, qədim Roma imperiyasının sərhədlərini bərpa etmək istəyi hər gün daha da artırdı. Sözügedən Dünya çempionatından 1 il sonra apenninlilər Həbəşistana (indiki Efiopiya ərazisi) hücum edəcəyindən, kubok hava, su kimi vacib idi. Hər tərəfdə nasist salamı ilə bağlı təsvirlər yerləşdirilir, Nasional Faşist Partiyasının üzvləri bütün görüşlərdə tribunalarıı dolduraraq, “Heil Hitler!”, “Viva Hitler!”, “Duçe” və s. kimi şüarlar səsləndirirdilər. Mussolinin evində oynayırsınızsa, onun qayda-qanunlarına əməl etməlisiniz. 1930-cu ildə keçirilən DÇ-dən fərqli olaraq, bu dəfə qrup sistemi ləğv olunmuşdu və komandalar tək matçlı olimpiya sistemi ilə mübarizə aparırdılar. Mussolininin həmvətənləri çətin də olsa, finala qədər irəlilədilər. Duçe finaldan öncə milli komandanın baş məşqçisi Vittorio Puzzo və futbolçuları nəzərdə tutaraq, “Məğlub olsalar, Tanrı yardımçıları olsun” – demişdi. Əfsanəvi futbolçu Cüzeppe Meatsanın liderliyi altında meydana çıxan italyanlar çətin də olsa, kuboku qazanmağı bacardılar (final: İtaliya- Çexoslovakiya 2:1, əlavə vaxt). Ölümdən qurtularaq həyatına davam etmək şansı qazanan Puzzo çempion komandanın İtaliya ordusu ilə yürüşünə qatılmayaraq xarakterini ortaya qoydu. 1938-ci ildə keçirilən Fransada keçirilən DÇ zamanı Duçenin millinin kapitanı Cüzeppe Meatsaya göndərdiyi teleqrafda “ya qazan, ya da öl” sözləri həkk olunmuşdu. Nəticədə İtaliya ardıcıl 2 dəfə DÇ-nin qalibi olaraq, futbol tarixinə keçdi. 1942-ci və 1946-cı illərdə keçirilməli olan DÇ-lər II Dünya müharibəsi səbəbi ilə təxirə salındı. Maraq üçün onu da qeyd edək ki, 1942-ci ildəki kuboka nasist Almaniyasının ev sahibliyi etməsi planlaşdırımışdı. Sonda onu da nəzərinizə çatdırım ki, Mussolini fanatik “Latsio” azarkeşi idi.
Dünya çempionatlarının sirli komandası
Şimali Koreyada uzun müddətdir kommunist rejimin hakimiyyətdə olduğunu, diktatorların isə bir-birini əlcək kimi dəyişdiyini, yəqin ki, bilirsiz. Kubanın yavaş-yavaş qapılarını dünya üzünə açdığı dövrdə, Şimali Koreya sürətlə geriyə getməyə davam edirdi. Bu hal, təbii ki, ölkə futboluna da təsirsiz ötüşmür. Bəli, bəli, səhv etmirsiniz, burda hətta futbola da senzura tətbiq olunur. Koreya savaşının 1953-cü ildə bitməsindən sonra İngiltərə 1966-cı ildə ev sahibli olduğu DÇ-də iştirak üçün Şimali Koreya futbolçularına viza verməkdən boyun qaçırdı. İşə FİFA qarışdı və İngiltərəni çempionatı başqa ölkəyə verməklə təhdid etdi. Nəticədə Şimali Koreyanın bayrağının qaldırılmaması və himninin çalınmamasına qərar verildi. Bunun hər hansı ayrı-seçkilik kimi dəyərləndirilməməsi üçün açılış və final matçlarından başqa heç bir oyunda dövlət himnləri çalınmadı və stadiona bayraq asılmadı. Şimali Koreya açılış matçını oynayan komandalardan biri olmadığından və finala çıxmağı bacarmadığına görə problem həll olundu. Koreyalılar sözügedən dünya çempionatında “qardaş ölkə” SSRİ, Çili və İtaliya ilə birlikdə D qrupunda yer aldı. SSRİ-yə 0:3 hesabı ilə məğlub olan, Çili ilə 1:1 bərabərə qalan, İtaliyanı isə 1:0 hesabı ilə məğlub edən koreyalılar 1/4 finala çıxaraq tarixi uğura imza atdılar. Bu gün olduğu kimi, həmin dövrdə də Şimali Koreya qapalı dövlət idi. Hətta ingilislər bu ölkənin yığmasını “Aydan gələn komanda” adlandırırdı. Belə bir millinin qrupdan çıxması onlsar çün əsl sensasiya idi. Şimali Koreya bununla DÇ-nin qrupundan çıxmağı bacaran ilk Asiya ölkəsi oldu. 1/4 finalda Portuqaliya ilə qarşılaşan Şimali Koreya ilk 24 dəqiqədən sonra 3:0 önə keçəndə hamı “yeni bir sensasiyalı uğur gəlir” şərhini edirdi ki, ortaya Portuqaliyanın mozambikli əfsanəsi Eysebio çıxdı. Onun vurduğu 4 qoldan sonra komandası 90 dəqiqəni 5:3 hesabı ilə başa vurdu. Yarımada ölkəsinin bu uğuru ingilis rejissor Daniel Qordonun illər sonra çəkdiyi “The Game of Their Lives” (“Həyatlarının matçı” ) adlı sənədli filminə mövzu oldu. Qordon 2002-ci ildə həmin heyətdən qalan 7 futbolçu ilə görüşərək fikirlərini öyrənmişdi.
Şimali Koreya 2010-cu ildə Cənubi Afrikada keçirilən DÇ-də də iştirak edib. Uzun illər FİFA tərəfindən tətbiq olunan sanksiiyalardan sonra Şimali Koreya, nəhayət, Asiya təsnifat zonasında yer almağa haqq qazanmışdı. “Düşmən-qardaş” Cənubi Koreya, BƏƏ, Səudiyyə Ərəbistanı və İranla bir qrupda yer alan Şimali Koreya bu dəfə özünəməxsusluğu ilə fərqləndi. Matç proqramına görə Şimali və Cənubi Koreya 26 mart 2008-ci ildə Şimali Koreyanın paytaxtı Pyonqyanqda qarşılaşmalı idi. Ancaq matça bir neçə gün qalmış Şimali Koreya hökuməti stadionda Cənubi Koreya bayrağının asılmayacağını və himninin çalınmayacağını bildirdi. Bu isə FİFA qaydalarına zidd idi. Cənubi Koreya təmsilçiləri 3 dəfə şimali koreyalılar ilə görüşüb cavab almayınca məsələni FİFA-da qaldırdılar. FİFA onların bu etirazını haqlı sayaraq Şimali Koreyaya “beynəlxalq məsuliyyətləri”ni xatırlatdı. Ancaq bu təzyiq də fayda vermədi. FİFA isə son çarə kimi görüşün neytral yerdə – Çinin Şanqay şəhərində oynanılmasına qərar verdi. Görüş 1:1 hesabı ilə başa çatdı. Sözügedən komandalar 1 aprel 2009-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda qarşılaşdılar. Görüşü 1:0 hesabı ilə Cənubi Koreya qazananda əsl qiyamət qopdu. Komandanın baş məşqçisi Kim Con Unun “Oyunçularımı zəhərlədilər” deməsi əsl bomba effekti yaratdı. Mətbuatın israrlı çağırışlarına rəğmən, Kim Con Un konfrans zalını yarımçıq tərk etdi. Futbolçulara isə danışmaq qadağan olunmuşdu.
Şimali Koreya 8 oyunda topladığı 12 xalla, eyni xaldakı Səudiyyə Ərəbistanını top fərqi ilə arxada qoyaraq, Cənubi Koreya ilə birlikdə qrupdan çıxmağı bacardı. “Ölüm qrupu” adlandırılan C qrupunda Şimali Koreyanın Braziliya, Fildişi Sahili və Portuqaliya ilə birlikdə şansı qədər də çox deyildi. Əsl tragikomediya isə bundan sonra baş verdi – Şimali Koreyanın heç bir matçı Koreya yarımadasının şimal hissəsində nəinki canlı, heç videoyazı şəklində də yayımlanmadı. Məsələ bundadır ki, Şimali Koreya bütün görüşlərində məğlub olmuşdu. Komandanın yalnız qalib gəldiyi matçların videolent şəklində yayımlanması nəzərdə tutulmuşdu. Lakin hətta bu halda da videoyazıya senzuranın tətbiq olunacağı gün kimi aydın idi – koreyalılların buraxdığı qollar, yaşadıqları təhlükəli epizodlar, tribuna və reklam lövhələri göstərilməyəcəkdi.
Bu ölkə ilə bağlı daha bir tragekomik hadisə yaxın keçmiş- 2014-cü ildə keçirilən Dünya Çempionatı zamanı baş tutmuşdu. Həmin vaxt Şimali Koreya KİV-ləri yalan xəbərlər yayaraq komandalarının dünya çempionatında iştirak edərək parlaq qələbə qazandığını yazmışdı.Diktatura rejimi altında yaşayan və internetə çıxış imkanı qadağan edilən ölkədə bir telekanal belə bir xəbər yaymışdı ki, komandaları Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində bütün oyunlarda qalib gəlib. Guya Şimali Koreya millisi qrupda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çini isə 2:0 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb. Finalda isə Ronaldolu isə Portuqaliya millisini məğlub edərək kuboka sahib çıxıb…
Almanların forma dəyişmə(mə)si
Almaniyanın iki hissəyə ayrıldığı 45 il ərzində alman xalqının başına ölçüyəgəlməz müsibətlər gəlib. Bu isə özü-özlüyündə başqa söhbətin mövzusudur. Qərbi Almaniya ilə müqayisədə, 1949-cu ildə SSRİ nəzarəti altında yaradılan Şərqi Almaniyada futbol o qədər də çox inkişaf etməmişdi. Bu ölkələrin milli komandaları isə tarixdə cəmi bir dəfə qarşılaşmağa macal tapıb. Bu isə 1974-cü ildə Qərbi Almaniyada keçirilən dünya çempionatı zamanı baş tutub. 22 iyunda, yəni Hitlerin Molotov- Ribbentrop paktının şərtlərini pozaraq SSRİ-yə müharibə elan etdiyi tarixdə sözügedən milli komandalar Hamburqda üz-üzə gəldi. Görüş 1:0 hesabı ilə Şərqi Almaniyanın xeyrinə başa çatdı. Futbolçular “siyasi tarazılığı pozmamaq” üçün matç başa çatandan sonra forma dəyişdirmədilər. Forma dəyişikliyi yalnız kameralar olmayanda, soyunma otaqlarında edildi. Onu da qeyd edək ki, Qərbi Almaniya həmin DÇ-ı çempion kimi tamamlayarkən, Şərqi Almaniya İkinci turda qrup üçüncülüyü ilə kifayətlənməli oldu.
Argentinanın boykot qorxusu
1978-ci ildə keçirilən DÇ də qalmaqalsız ötüşmədi. Sözügedən mundiala ev sahibliyi edən Argentinada hərbi hökumətin iqtidarda olması səbəbi ilə bir çox ölkəyə boykot çağırışı edildi. Buna rəğmən, heç bir miilli komanda turniri boykot etmədi. Amma məşhur futbolçu Yohan Kroyfun Cənubi Amerikaya getməkdən boyun qaçırması əsl şok effekti yaratdı. O, 30 ildən sonra verdiyi açıqlamada buna səbəb kimi qaçırılmaq qorxusunun olduğunu göstərdi. Kroyf bunu 1977-ci ildə evinə girən silahlı şəxslərin özü və xanımını təhdid etməsi ilə əlaqələndirdi.
Şeyx qolu ləğv etdirdi
1982-ci ildə İspaniyada keçirilən DÇ-nin 4-cü qrupunda Fransa və Küveyt üz-üzə gəlirdi. İyunun 21-də baş tutan matçda yaşanan olay futbol tarixinə düşdü. Matç 3:1 hesabı ilə Fransanın üstünlüyüylə davam edərkən Alan Jire 80-ci dəqiqədə “üçrənglilər”in 4-cü qolunu vurdu. Küveytlilər SSRİ-li hakim Miroslav Stupana tribunadan gələn bir fit səsini yanlış başa düşdükləri üçün dayandıqlarını əsas gətirərək etiraz etməyə başladılar. Bu isə Stupanı razı salmağa bəs etmədi. Belədə işə Küveyt Futbol Federasiyasının prezidenti Şeyx Fahid əl-Əhməd əl-Sabah qarışdı. O oyunçularına meydandan çıxmağı əmr edib, stadiona endi. Küveyt əmirinin də qardaşı olan əl-Sabah hakimi qolu ləğv etməyə razı saldı. Futbol meydanlarında bənzəri olmayan bu hadisədən sonra Fransa Maksime Bossis ilə daha bir qol vurdu və görüş 4:1 hesabı ilə bitdi.
Tarixi matç
1 fevral 1979-cu il tarixində İran vətəndaşları yeni bir səhərə oyandılar. Ruhullah Xomeyni 1964-cü ildə Rza Şah Pəhləvi tərəfindən Türkiyəyə sürgün edilmişdi. 1979-cu ildən etibarən Parisdə idi. Ölkədə isə İslam inqilabı baş qaldırırdı. Hadisələrin sürətli inkişafını görən Xomeyni tələsik Tehrana gəldi. Paytaxt hava limanında onu 3 milyondan çox iranlı qarşılayırdı. Artıq ölkədə əvvəlki Qərb tərəfdarı hakimiyyət qalmamışdı, bu da özlüyündə bir çox insan haqqının məhdudlaşdırılması və ya kobudca pozulmasına gətirib çıxardı. Hadisələrin gedişatı ən çox ABŞ-ın işinə yaramırdı, amerikanlar SSRİ ilə geniş sərhəd əlaqəsi olan müttəfiqi itirmişdilər. Elə həmin vaxtdan bu 2 ölkə arasında başlayan “soyuq savaş” indiyədək davam etməkdədir.
Bütün bunların fonunda İran millisi 1998-ci ildə 20 illik fasilədən sonra DÇ-də iştirak edəcəkdi. Fransada baş tutan mötəbər turnirın püşkatmasının nəticələrindən biri milyonlarla insanın yuxusunu zəhərə çevirəcəkdi. 2-ci torbadan gələn ABŞ-la, 4-cü torbadan gələn İran ilin ən uzun günündə – 21 iyun tarixində Lion şəhərindəki “Stad de Gerland”da üz-üzə gələcəkdi. “Soyuq savaş” artıq futbol meydanına daşınmışdı. Xüsusən də, İran tərəfi bu görüşə prinsipiallıqla yanaşırdı. Görüşdən öncə futbolçular ətrafdan, sözün əsl mənasında, təcrid olunmuşdular. Komandaya mətbuata açıqlama vermək qadağan olunmuşdu. Gözlənilənlərin əksinə, görüş o qədər də gərgin keçmədi. Hətta hər iki komandanın futbolçuları oyundan öncə şəkil çəkdirərək, dostluq mesajları verib, bir-birinə uğur dilədilər. İsveçrəli hakim Urs Mayerin idarə etdiyi oyunu 39100 azarkeş izləyirdi. Matçı isə cənub qonşumuz Həmid Estili və və Mehdi Mahdavikianın qolları ilə 2:1 qazandı. Bu onlar üçün dünya kubokundan daha vacib idi.
Cığal italyanlara möhtəşəm dərs
2003-cü ildə İstanbulda baş tutmuş bombalı hücumlar Türkiyə tarixinin ən faciəli səhifələrindən biri idi. Müvafiq olaraq 15 və 20 noyabr tarixlərində İstanbuldakı 2 sinaqoqa və HSBC şirkətinə edilən bombalı intihar hücumları nəticəsində 57 insan öldü, 750-dən çox şəxs isə yaralandı. Hücumların “Əl-Qaidə” terror təşkilatının Türkiyə nümayəndəliyi tərəfindən təşkil olunduğu ehtimal edilir. Həmin vaxt isə Türkiyənin iki təmsilçisi – “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparırdı. 2 dekabr 2003-cü ildə “Qalatasaray” İstanbulda “Yuventus”u qəbul etməli idi. İtalyanlar təhlükəsizlik məsələlərini əsas gətirərək Türkiyəyə gəlməkdən imtina etdi. Əslində isə çox asanlıqla anlamaq olardı ki, “Yuventus” bununla sadəcə olaraq, vəziyyəti öz lehinə çevirmək istəyir. UEFA da bu tələbi haqlı sayaraq görüşün Türkiyədən kilometrlərlə uzaqda Almaniyanın “Vestfalen” stadionunda (indiki “Siqnal İduna Park”) oynanılmasına qərar verdi. “Ali Sami Yen”dən reklam lövhələri Dortmunda gətirilmiş, Almaniyada yaşayan on minlərlə türk görüşə bilet alaraq, “Qalatasaray”ı dəstəkləməyə gəlmişdi. “Vestfalen” stadionu həmin gecə “Ali Sami Yen”den fərqlənmirdi (oyunun rəsmi protokolunda azarkeş sayı 60.000 göstərilib). Sonda isə “Qalatasaray” görüşü Hakan Şükürün qolları sayəsində 2:0 hesabı ilə qazandı. Maraq üçün onu da bildirək ki, Türkiyənin digər təmsilçisi “Beşiktaş”ın “Çelsi” ilə oyunu eyni səbəblərə görə Almaniyanın Helzenkirxen şəhərində keçirilib. Həmin görüş isə 2:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.
Ürfan Məmmədzadə
