Futbol dünyasının “Qızıl oğlanlar”ı
11.03.2019 , 10:57

Futbol dünyasına bir sıra ulduz futbolçular gəlib və gələcək. Ancaq bir qisim oyunçular var ki, onları heç bir azarkeş unutmayacaq.
Bu futbolçular adlarını futbol tarixinə qızıl hərflərlə yazdırıblar. Əfsanə olmuş futbolçular çıxış etdikləri klublarda həm oyun strategiyasına, həm də oyundankənar həyatları, davranışları ilə daim diqqət mərkəzindədirlər. Onlar futbol azarkeşlərinin təxəyyülündə yaratdıqları “super ulduzlar”dır.
Bu yazımızda sizlərə futbol tarixinin unudulmayan əfsanələrini, əksər azarkeşlərin sevdiyi futbolçuları təqdim edəcəyik.
Marko Van Basten ( “Ayaks”, “Milan”)
Bir zamanlar azarkeşlərin çox sevdiyi isimlərdən biri – Marko Van Basten. Peşəkarlığı, göstərdiyi oyunla, uzaqdan endirdiyi zərbələrlə yadda qalan futbolçu 28 yaşında zədə səbəbiylə futbol həyatına son qoymalı oldu. Lakin, futbol dünyasında qısa vaxt ərzində uğurları, oyun performansı ilə yaddaşlarda qalıb.
Qeyd edək ki, təcrübəli oyunçu 1981-1987-ci illərdə “Ayaks”, 1987-1995- ci illərdə isə “Milan” forması ilə çıxış edib.
Fabio Kannavaro ( “Parma”, “Real” Madrid ,”Yuventus”)
Haqqında danışdığımız futbolçu məhz hansı mövqedə çıxış etməsinə baxmayaraq öz istedadı, uğurlu çıxışı ilə “Qızıl top” mükafatına layiq görülüb. Sürəti, dəqiq zərbələri ilə futbol tarixinin yaddşalardan silmədiyi adlardan biridir.
Xüsusilə də, 2006-cı ildə Dünya Çempionatı uğrunda gedən mübarizədə İtaliyanın 2:0 hesablı qələbəsində böyük pay sahibi olub.
Ronaldinyo (PSJ, “Barselona”)
Ona bəlkə də ən yaxşı “10” nömrəli oyunçu desək, yanılmarıq. Çıxış etdiyi müxtəlif komandalarda əzmkar mübarizəsi ilə rəqiblərinin kabusu olan Ronaldinyonun futbol karyerası uzun çəkmədi. Lakin, buna baxmayaraq, futbol azarkeşlərinin yaddaşından hələ də silinməyib və asanlıqla da silinməyəcək.
Qeyd edək ki, futbolçu peşəkar karyerasına 1998-ci ildə başlamış və 2015-ci ildə sonlandırmışdır.
Corc Best ( “Mançester Yunayted”)
Onun çıxış etdiyi illərdə əslində futbol qaydaları o qədər də ürəkaçan deyildi. Amma o bütün çətinliklərə rəğmən əfsanəyə çevrilə bildi. Futbolçu məsafə sürətinə , əla driblinqinə , vurduğu doğru zərbələrinə görə seçilirdi.
Qeyd edək ki, əfsanəvi futbolçu 1968-ci ildə çıxış etdiyi “Mançester Yunayted”lə birlikdə UEFA Çempionlar Kubokunu və “Qızıl top” mükafatını qazanıb
Yohan Kroyff (“Ayaks”, “Barselona”)
Bir vaxtlar “sarı siçan” ləqəbi ilə tanınan Yohan Kroyff həm futbolçu, həm də baş məqşçi vəzifəsində çalışmış, bir çox kuboklar qazanıb. Peşəkar futbol karyerasına 1964-cü ildə başlayan futbolçu 68 yaşında 2016-ci ildə vəfat etmişdir.
Zinəddin Zidan (“Bordo”,”Yuventus”,”Real” Madrid)
Siyahımızın digər əfsanəvi futbolçulardan biri Zinəddin Zidandır. Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. Əlcəzayir əsilli fransız futbolçu 2006-cı ildə peşəkar futbolçu karyerasını bitirib, bir müddət müxtəlif komandaların baş məşqçisi olub. Son olaraq isə “Real” Madridlə qazandığı bir sıra uğurları ilə yadda qalıb.
Ronaldo (PSV, “Barselona”, “İnter”, “Real” Madrid)
Futbol tarixinin ən yaxşı hücumçularından biri də şübhəsiz ki, Ronaldodur. Ronaldo Braziliya komandasında 98 oyunda 62 qol vurub və milli komandanın ikinci ən çox qol vuran futbolçusu olub. Təcrübəli oyunçu “İnter” klubunda çıxış edərkən ard-arda zədə almış, bu onun sonrakı karyerasına da təsirsiz ötüşməmişdi.
Dieqo Armando Maradona (“Arxentinos Xuniors”,”Boka Xuniors”, “Napoli”)
Futbol dünyasının unudulmaz isimlərindən biri də argentinalı ulduz Dieqo Maradonadır. Argentinalı əfsanə 1976-cı ildə futbol karyerasına başlamış, 1997-ci ildə sonlandırmışdır. Bir müddət Argentina Milli komandasında baş məşqçi olmuş və futbolçu olduğu dönəmdə komandaya 1986- ci ildə Dünya Çempionatında qızıl, 1990-ci ildə isə gümüş medallar qazandırmışdı.
Kriştianu Ronaldo (“Mançester Yunayted”,”Real” Madrid,”Yuventus”)
Son zamanlar futbol dünyasında uğurlu çıxışı ilə seçilən Ronaldo siyahımızın ikinci sırasında yer alır. 34 yaşlı təcrübəli hücumçu hər oyun performansı ilə göz oxşayır. Daha çox futbolsevərlər tərəfindən “CR7” ləqəbi ilə tanınan portuqalyalı 5 dəfə “Qızıl top mükafatına layiq görülüb
Qeyd edək ki, ötən mövsüm “Real” Madriddən ayrılan oyunçu Madrid təmsilçisində 403 qol vurub.
Lionel Messi (“Barselona”)
Siyahımızın son ulduzu hazırda dünyanın ən yaxşı “10” nömrəli futbolçusu ünvanına sahib Lionel Messidir. Argentinalı ulduz ard-arda hər oyunda uğurlu çıxışı ilə artıq əfsanəyə çevrilib. Dünyada Kriştianu Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən Messi 5 dəfə “Qızıl top” mükafatını qazanıb. Eyni zamanda Avropada qızıl buts mükafatını 3 dəfə almışdır. Oyun tərzinə görə tez-tez bənzədildiyi Maradona onu öz xələfi kimi göstərir.
Qeyd edək ki, məşhur futbolçu peşəkar karyerasına 2004-cü ildə başlamışdır.
