Nataniel Braun Avropanın nəhəng klublarının radarında
17.11.2025 , 16:00
Almaniya Bundesliqasının “Ayntraxt” klubunun 22 yaşlı müdafiəçisi Nataniel Braun Avropanın ən nüfuzlu klublarının diqqətini çəkib.
Korner.az xəbər verir ki, “Real” və “Mançester Siti” futbolçunun çıxışını yaxından izləyir və gələcəkdə transfer imkanlarını dəyərləndirməyi planlaşdırır.
Braun bu ilin oktyabrında Almaniya millisində debüt edib və milli komandadakı performansı ilə diqqətləri üzərinə çəkib. Cari mövsümdə o, “Ayntraxt”ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə komandasına dəstək olub.
Almaniyalı müdafiəçi 2024-cü ildə “Nürnberq”dən 3 milyon avroya Frankfurt klubuna transfer olunub. Klub rəhbərliyi hesab edir ki, Braunun bazar dəyəri bu müddət ərzində ən azı on qat artıb. Futbolçunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir, bu da klubun gələcək planlarında onun əsas fiqurlardan biri olacağını göstərir.
Qeyd etmək lazımdır ki, “Ayntraxt” bu mövsüm UEFA Çempionlar Liqasında “Qarabağ”ın da olduğu qrupda mübarizə aparır və Braunun mövqeyi komandaya turnirdə rəqabət üstünlüyü qazandırmaq baxımından əhəmiyyətlidir.