“Formula 1”: Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir
29.06.2022 , 11:54

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avropada bəzi Qran-prilərin “Formula 1” üzrə dünya çempionatının təqvimindən çıxarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, “Motorspor Magazin” nəşrinə açıqlamasında bu ideyaya qarşı olduğunu söyləyib.
Rəhimov deyib ki, idman ənənələrini qoruyub saxlamaq lazımdır: “Mən ənənəvi yarışların təqvimdə qalmasını istəyirəm. Bu treklər yarış ruhunu daşıyır. Onlar hər kəs üçün yaxşıdır”.
Qeyd edək ki, daha əvvəl tarixi Spa-Frankorş trasında keçirilən Belçika Qran-prisinin 2023-cü il dünya çempionatının təqvimindən çıxarılacağı bildirilib.
