Milli komandamızın və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad Almaniyanın transfermarkt.de saytına müsahibə verib.
– 2012-ci ildən etirbarən Bakıda oynayırsınız. “Berliner AK”dan Azərbaycana getməyinizə nə səbəb oldu?
– 2 il əvvəl “Berliner AK” Türkiyə toplanışı zamanı Bakının AZAL klubuna qarşı yoxlama oyunu keçirmişdi. Həmin oyunda özümü yaxşı tərəfdən göstərmişdim. Onda mən klubdan ayrılmaq istəyirdim. Həmin vaxtlarda mənə ölkə xaricindən təklif gəldi və danışıqlar getdi. 1 il sonra biz yenidən Türkiyədə toplanışda olduq. Bu dəfə “Sumqayıt” rəsmiləri mənə təklif göndərdi. Bu komandanın baş məşqçisi Bernhard Raab da Almaniyadandır. Qərar vermək mənim üçün asan deyildi. Yarım il sonra mən Bakıya sərbəst futbolçu kimi yollandım. Çünki mövsümün sonunda Berlin klubu ilə müqaviləmin müddəti başa çatmışdı.
– Klubunuz haqda təəssüratlarınızı bildirdiniz. Alman klubları ilə fərqi var?
– Futbolçulara münasibət hər yerdə olduğu kimidir. Peşəkar şərait var. Hər oyundan öncə oteldə qalırıq. Ancaq məşqlərdən sonra formaların yuyulması bir az problemdir. Komandamız demək olar gənc futbolçulardan qurulub. Biz bir-birimizi çox yaxşı başa düşürük. Burda çox yaxşı insanlar var.
– Siz bu il Azərbaycan yığmasında oynadınız. Bu necə baş verdi?
– Mən mövsümün əvvəlində vacib qollar vurdum və yaxşı nəticələr göstərdim ki, bu da orda özümü tanıtmağıma səbəb oldu. Nənəm Bakıda doğulub. Bu üzdən Azərbaycan yığmasında oynamağım mümkün idi. Yığmada oynamaq imkanı mənim Bakıda qalmağım üçün həlledici amil olacaqdı. Əgər belə şans əlinə düşübsə, sadəcə bundan yararlanmalısan. Noyabrın sonlarında mən 3 günlük toplanışa cəlb olundum. Orda özümü millinin baş məşqçisi Berti Foqtsa göstərməyi bacardım. O məni inandırdı ki, Dubay toplanışı zamanı, eləcə də Lüksemburq və Portuqaliya ilə seçmə oyunlarda şans verəcək. Start heyətdə yer alacaqdım. Bu isə mənim üçün gözlənilməz idi.
– Berti Foqtsu öncədən tanıyırdınızmı?
– Mən onunla üz-üzə görüşməmişdim. Ancaq hansı futbol azarkeşi onu tanımır ki? Almaniya 1997-ci ilin sentyabrın 6-da Portuqaliyaya qarşı yoldaşlıq oyunu keçirmişdi. 9 yaşım olanda Yens Novotnı (“Bayer”in və Almaniya yığmasının sabiq müdafiəçisi – red.) ilə birgə stadiona həmin matçı izləməyə getmişdik. Buna qədər yığmanın oyunlarına evdən baxmışdım. Bax onda Berti Foqts Almaniya millisinin məşqçisi idi (gülür).
– Foqtsun şöhrəti daha Almaniyada yaxşı sayılmır. Siz onu necə təsvir edərdiniz?
– Məncə, siz onu Lotar Matteusla səhv salırsınız (gülür). Mən tamam başqa fikirdəyəm. Bu bir faktdır ki, ondan sonra kim Almaniya yığması ilə sonuncu dəfə böyük titul qazanıb. Bəxtim gətirdi ki, onunla tanış oldum və indi deyə bilərəm ki, o, yaxşı futbolçu və yaxşı məşqçidir. Foqtsun futbol haqda çox dəqiq anlayışı var və ona şans vermək lazımdır. Fikrimcə, yer kürəsində yuxarı-aşağı hörmət olunası adamlardan biridir!
– Komandada ünsiyyət necədir? Hansı dildə orda danışırsınız?
– Biz azərbaycan dilində danışırıq. Mən demək olar ki, 1 ildir burdayam. Bu dildə danışmaq çox yaxşıdır. Belədə hamı ilə ünsiyyət qura bilirəm.
– Məşq və oyunlardan kənarda millidən olan komanda yoldaşlarınızla görüşüb söhbət eləyirsiniz?
– Mənim digər matçlarım olduğundan, əlaqəm az olur. Çünki onlar da başqa klublarda çıxış edir. Ancaq öz komanda yoldaşlarımlarımla oyunlardan sonra Sumqayıtda görüşürük. Çünki millinin oyunçularından fərqli, onları hər gün görürəm və tez-tez bir yerdə oluruq.
– Deyə bilərsiniz, qarşınıza qoyduğunuz şəxsi hədəflər hansılardır?
– Mən insan və futbolçu kimi inkişaf etmək, bacardığım qədər öyrənmək istəyirəm. Artıq bilirəm ki, siz heç vaxt öz həyatınızı öncədən planlaşdıra bilməzsiniz. Bunun əvəzində ələ düşən imkanlardan yararlanmalısınız. Bu səbəbdən qarşıma məqsəd qoymuşam. Hər şey mümkündür – müsbət və mənfi hallar. Siz psixi gücü qoruyub saxlamalısınız, özünüzə inanmalı, uğurunuz üçün hər şeyi etməlisiniz. Bax onda 100 faiz buna görə mükafatınızı alacaqsınız.
– 2 il əvvəl Azırbaycan millisinin oyunçusu olacağınızı təsəvvür edə bilirdiniz?
– Yox, bu haqda heç ağlıma gəlməzdi. Portuqaliyaya qarşı 40 min azarkeşin önündə oynayacağıma inanmazdım. Yaxşı ki, bunları yaşadım. Bununla belə, istirahət etmək fikrim yoxdur. Mən irəliyə doğru addımlamaq və hədəflərimə çatmağa kömək edən komandamın vacib hissəsi olmaq istəyirəm.
– Hansı matçda ən yaxşı oyununuzu göstərmisiniz və səbəbi?
– Mən bu mövsüm çox vacib oyunda (“Turan”la oyunu nəzərdə tutur – red.) ilk 20 dəqiqə ərzində poker etmişdim. Bu bizim mövsümdə 4:0 hesabı ilə qalib gəldiyimiz yeganə oyun idi. Azərbaycan çempionatının qısa tarixində bu, böyük uğurdur. Gözəl hisslər idi.