Rusiyalı həmkarlarımız Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı bir məqamı xatırlayıblar.
Korner.az-ın sports.ru portalına istinadən verdiyi məlumata görə, müxtəlif dövlətlərin bayraqları ilə bağlı aşkarlanan səhvlər mövzusunda yazı yerləşdirilib.
“Slavic Epos” bloqundakı məqalədə yığmamızın baş məşqçisi Berti Foqtsun 2011-ci ildə Bakı Slavyan Universitetində tələbələrlə görüş zamanı Azərbaycan bayrağındakı səhvi üzə çıxartmasına da toxunulub: “2011-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bakılı tələbələrlə görüşə getmişdi. Artıq bu ölkədə 3 il işləyən almaniyalı mütəxəssis masanın üzərindəki Azərbaycan bayrağındakı uyğunsuzluğu hiss etdi. Belə ki, yaşıl və göy rənglərin yeri səhv düşmüşdü”.
Qeyd edək ki, Berti Foqts 2011-ci il aprelin 15-də Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib.