Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts martın 22-də Lüksemburqa qarşı keçiriləcək dünya çempionatının seçmə oyunu ərəfəsində "Luxemburger Wort" qəzetinə müsahibə verib.
– Bu seçmə mərhələdə Azərbaycan millisinin qarşısına hansı vəzifələr qoyulub?
– Bizim komanda gəncdir. Bir çox yaşlı futbolçu ilə yolları ayırmışıq. İstəyimiz 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Həmin yarışda ilk dəfə olaraq 24 komanda iştirak edəcək. Azərbaycan millisinin “Avro-2016”yə getmək şansı var. Cari seçmə mərhələdə biz evdə yalnız İsraillə oynamışıq. Həmin görüşdə çox yaxşı da çıxış etdik. Hesab edirəm ki, evdə bir neçə oyun keçirəcəyimizi nəzərə alsaq, bu dəfə daha çox xal toplamağımız realdır.
– Bəs, seçmə mərhələdə keçirdiyiniz digər oyunlarla bağlı nə deyərdiniz?
– Biz güclü Rusiya millisinə 86-cı dəqiqədə buraxdığımız qola görə uduzduq. Qapımıza penalti təyin edilməsəydi, bu baş verməyəcəkdi. Rusiya ilə oyun Azərbaycan üçün prinsipialdır. Çünki ruslar yüz ildən çox Azərbaycanı işğal və təzyiq altında saxlayıb.
Şimali İrlandiyaya gəlincə, həmin komandayla görüşdə hesabda irəlidə olsaq da, 96-cı dəqiqədə qol buraxdıq. Hazırda bizim iki xalımız var. Amma daha çox olmalıydı.
– Növbəti rəqibiniz isə zəif Lüksemburq millisidir.
– Dayanın! Biz Lüksemburqu başqa cür qiymətləndiririk. Lüksemburq və Azərbaycan milli komandaları bərabər səviyyədədirlər. Şanslar 50/50-dir.
– Siz Lüksemburq futboluna yaxşı bələdsiniz?
– Mənim Almaniyada yaşadığım şəhər Lüksemburdan çox da uzaqda deyil. Lüksemburqun Maltaya qarşı oyununu izləmişəm. Futbolçularını tanıyıram. Bundan başqa, mənim klubum olan Münhenqladbax “Borussiya”sı Lüksemburqun bir neçə gənc oyunçusu ilə maraqlanırdı.
