“Xəzər Lənkəran” 2013-cü ilə “İnter”lə qarşılaşma ilə başlayacaq.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 19-cu turunda lideri qəbul edəcək komanda tarixində 32-ci dəfə bu rəqiblə üz-üzə gələcək.
2004-cü ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 23 dəfə çempionat və 8 dəfə kubokda münasibətlərini ayırd ediblər.
İndiyədək baş tutan 31 qarşılaşmada 7 dəfə “Xəzər Lənkəran”, 8 dəfə isə “İnter” qalib gəlib. 16 matçda isə qalib müəyyənləşməyib. Top fərqində isə cənublular öndədi – 31:30. Düzdü, 7 qələbədən başqa “Xəzər Lənkəran”ın hesabında ölkə kubokunun finalına təsadüf edən penaltilər seriyasındakı qələbə də var.
Çempionatlardakı 24-cü matçadək 4 dəfə “Xəzər Lənkəran”, 6 dəfə “İnter” qalib gəlib. 5-ci qələbə iddiasında olan Cənub təmsilçisi 13 dəfə 1 xalla kifayətlənib. Bu görüşlərdə bakılılar daha məhsuldar olub – 21:22.
Həm ümumi, həm də çempionatdakı matçlarda minimal üstünlük rəqibin tərəfində olsa da son oyunlarda “Xəzər Lənkəran” rəqibini qələbəyə həsrət qoyub. Belə ki, son 4 oyunda “İnter” qələbəyə həsrət qalıb. Bu matçlarda Lənkəran klubu 1 qələbə qazanıb və 3 dəfə meydandan bərabərliklə ayrılıb.
Lənkəranda baş tutan qarşılaşmalarda isə ev sahibi komanda öndədi. 14 oyunda 4 qələbəsi və 2 məğlubiyyəti olan “Xəzər Lənkəran” 8 dəfə heç-heçə ilə razılaşıb. Komanda öz meydanında vurduğu 15 qolun qarşılığında 12-ni buraxıb.