– Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz…
– Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tempi artırmalı idik, amma bacarmadıq. Geri dönüş edə bilmədik.
– Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz…
– Oyun başlayandan fikir verirdim ki, rəqib qapıçısı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.
– Bu qol sizə əlavə motivasiya verəcək?
– Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, qapıya girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki Sadıqlının tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim.
– Bildiyimiz qədərilə məşqlərdə də bu cür zərbələr vurursunuz…
– Pis çıxmasın, normal zərbəm var. Çalışıram, vuram. Bu gün alındı.
– Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?
– Bu məsafədən vurmamışam.
– Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?
– Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım.
– Bu, mövsümün qolu ola bilər?
– Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var.
– Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?
– Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.
– Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?
– Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla.
– 4 turdan sonra 1 xalınız var…
– Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin, sürəti artırmağı bacarmadıq. İnanıram ki, düzələcək, yaxşı olacaq.
