Türkiyə Superliqasının yeni mövsümündən bəzi yeniliklər həyata keçiriləcək.
Korner.az-ın məlumatına görə, dəyişikliklər azarkeşlər, hakimlər və legioner limitiylə bağlıdı.
Federasiyanın qərarına əsasən, yeni mövsümdən klublar hər oyunda 18 nəfərlik heyətə 6 legionerin adını yaza biləcək. Qalan əcnəbi oyunçular tribunada oturmalı olacaqlar.
Hakimlərin sayı da artırılacaq. belə ki, oyunlarda 6 hakim iş başında olacaq. Hakimlərdən ikisi qapıların arxasında dayanacaq.
Azarkeşlərlə bağlı qərara gəlincə, bundan sonra fanatlar pasport nömrələri ilə elektronik bilet ala biləcəklər. Stadionlarda və ya oyunlardan sonra baş verəcək qarşıdurmalarda iştirak edənlər məhz pasport nömrələrinə uyğun olaraq müəyyənləşdiriləcək. Federasiya hesab edir ki, “e-bilet” layihəsi vasitəsilə futbolda şiddətin qarşısını ala biləcək.
