Fatih Terim Bakıya səfər edir
14.11.2024 , 21:56
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biri bəlli olub.
Korner.az xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbol azarkeşlərinin sevimlisi olan məşqçi alyansı yaradacaq klubların nümayəndələri kimi noyabrın 15-i Bakıya təşrif buyuracaq. Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək.
Mütəxəssisin alyansın yaradılması tədbirində çıxış edəcəyi gözlənilir. Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.