UEFA Avropa Liqası II tur cavab qarşılaşması olan “Qəbələ” – “Çukariçki” oyunundan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov müsahibə verib.
– Oyunla bağlı fikirlərinizi bildirin zəhmət olmasa..
– Çox çətin oyun oldu. Gərginlik var idi. İlk matçda oyunumuz alınmamışdı, narahat idik, ancaq futbolçularımıza inanırdıq. Çox həyəcanlı və maraqlı oyun izlədik.
– Oyundan sonra prezident paltardəyişmə otağında futbolçulara nə dedi?
– Komandanı təbrik elədi.
– Komandadan növbəti uğurlar da gözləyirmi?
– Əlbəttə. Bu oyundakı səhvləri təkrarlamamalıyıq və daha uğurla irəliləməliyik.
– Növbəti mərhələdəki rəqib, “Apollon”la bağlı nə deyə bilərsiniz?
– Komandanı analiz eləmək məşqçilərin işidi. Yaxın günlərdə təhlil edəcəklər. Ancaq bilirəm ki, hər iki komanda üçün də çətin oyun olacaq.
– Yeni transferlər gözlənilirmi?
– Bir neçə namizəd var. Danışıqlar gedir. Hücumçu almaq istəyirik.
– Növbəti oyuna çatacaqmı?
– Bəlkə də çatar, ancaq belə tez inanmıram.
– Oyunda bəzi problemlər var idi. Bu sizi narahat eləmirmi?
– Bəzi yeni oyunçular var ki, onlar toplanışda iştirak etməmişdilər. Düşünürəm ki, yenilərə bir az vaxt vermək lazımdı. Digər tərəfdən də bugünkü oyunda komanda əsl xarakter göstərdi.
– Əvvəlki iki mərhələdə “Qəbələ” ilk oyunu səfərdə, cavab qarşılaşmasını isə evdə keçirib. Bunun sizin üçün bir fərqi varmı?
– Elə bir fərqi yoxdu. Hər iki oyun da 90 dəqiqə olur. Top yumru, meydan düzdü. İki oyunda da maksimum güclə oynamaq lazımdı.
– Həm siz, həm də “Qarabağ” mərhələ adladı. Ola bilərmi ki, çempionatın ilk turunda bir-biri ilə qarşılaşacaq bu iki komandanın oyunlarının təxirə salınması ilə bağlı müraciət edəsiniz?
– Hər şey ola bilər. Yaxın günlərdə bununla bağlı qərar verəcəyik.
Mənbə: Apasport.az
