Bu gün Topaz Premyer Liqasının 18-ci turunda “Neftçi” “Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edib.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Neftçi"nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarına cavab verib:
– Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Fərhad Vəliyevin fərdi ustalığı imkan vermədi ki, daha çox qol vuraq. Amma bu önəmli deyil. Əsas 3 xaldır.
– “Neftçi”nin oyununa “Sumqayıt”, yoxsa qar mane oldu?
– Mən qara necə şikayət edim? Quru hava olsaydı, daha yaxşı olardı.
– 4 oyundan sonra aydın oldu ki, “Neftçi”də irəliləyiş var. İcarəyə götürülən futbolçular haqda konkret qərar verilib?
– Bizdə yalnız Folprext və Dreksa icarəyə götürülüb. Folprexti istəsək, ala bilərik. Müqavilənin bəndində belə şərt var.
– Mahir Şükürov karyerasını bitirəcək?
– Bunu Mahirdən soruşun. Axı onun yerinə necə cavab verim? Hər şey özündən asılıdır. İstəsə, oynaya bilər.
– Boban Baykoviç legioner limitinə görə, ehtiyatda qalıb…
– Bu oyunda da tələb olunurdu ki, qapıda Vaylo olsun. Limit məsələsini də bilirsiz. Cavid, Fəhmin, Rəhman tam formada deyil.
