Bir aydı boş qalan baş məşqçi postuna namizəd axtarışını davam etdirən “Fənərbağça” bu işi həll etmək üçün “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovdan yardım istəyib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” UEFA-yla problemin həll olunmaması ucbatından dilemma qarşısında qalıb.
Klub rəhbərliyi Avropanın ali futbol qurumundan cəza alacaqları təqdirdə, baş məşqçi postuna Ərsun Yanalı gətirməyi planlaşdırır. Digər tərəfdən, Əziz Yıldırım “Şaxtyor”un çalışdırıcısı Mirça Luçeskuyla danışıqları davam etdirməyi tapşırıb. İddiaya görə, Luçesku “sarı-lacivərdlilərə” “Türkiyəyə gəlməyə hazıram, ancaq klubumuzun prezidenti məni buraxmaq istəmir” mesajı göndərib. Bu mesajın ardınca “Fənər” tərəfi “Şaxtyor”un başqanı Rinat Axmedovu razı salmaq üçün Mübariz Mənsimova ağız açıb. İndi İstanbul klubunun yönətimi həmyerlimizdən cavab gözləyir.
Qeyd edək ki, UEFA müfəttişi Migel Litard Fernandes Palasiosun “Fənərbağça”nın iki il avrokuboklardan uzaqlaşdırılması tələbiylə Avropanın ali futbol qurumunun İntizam Komitəsinə müraciət edib.