“Etdiyim hərəkətə görə peşmanam” – Roberto Bordin
22.09.2018 , 23:05

Topaz Premyer Liqasında V turun “Zirə” – “Neftçi” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç haqda fikirlərini bildirdi…
– Mübarizə aparan rəqibə qarşı oynadıq. “Zirə” qələbə qazanmaq istəyirdi. Bu rəqib haqq etdiyi yerdə deyil. Biz isə kifayət qədər yaxşı oynadıq.
– Samir Abasovla aranızda konflikt oldu. Nə baş vermişdi?
– Bunu konflikt adlandırmazdım. Sadəcə, qarşılıqlı anlaşılmazlıq oldu və fikirlərimizi bildirdik. Bu hərəkətlə komandaya fayda vermədik. Bəzən hissləri cilovlamaq asan olmur. Etdiyim hərəkətə görə peşmanam.
– Mirabdulla Abbasov bu gün qol vurdu. Bundan sonra onun start heyətdə oynayacağını gözləmək olarmı? Bir də yığmanın baş məşqçisi Qurban Qurbanov sizdən məsləhət istəsə, onun milliyə layiq olduğöunu deyəcəksizmi?
– Mənim komandamdan hansısa futbolçunun milliyə çağırılması yaxşı haldı. Bu, o deməkdi ki, həmin futbolçu yaxşıdı və kifayət qədər məşq edir. Komanda kifayət qədər yaxşı oynadı. əvəzlənən futbolçular da uğurlu çıxış etdi. Npvbəti matç haqda sonra düşünəcəyik.
– Komanda qol vurduqdan sonra adətən müdafiəyə çəkilir. Bundan sonra isə arxa xətdə səhvdən qol buraxır. Belə gedişat sizin tapşırığınızdı? Və buraxılan qollar sizi narahat edirmi?
– Futbol müdafiə və hücumdan ibarətdi. Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olduqda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmaq istəyirik. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.
– Hücum xəttində rotasiyalar etmişdiz. Bu, heyətə düşməyən futbolçular meydana şans vermək istəyinizlə bağlı idi, yoxsa dediyiniz kimi, futbolçular özlərini məşqlərdə yaxşı göstərirlər deyə, oynayırlar?
– Məşqlərdə hansı futbolçular özlərini yaxşı tərəfdən göstərirsə, onlar da meydana çıxır. Ehtiyatda kifayət qədər oyunçumuzun olması sevindirici haldı.
