Ötən həftə AVRO-2016-nın qrup mərhələsi çərçivəsində keçirilən Ermənistan-Serbiya oyununda (1:1) ölkəmiz üçün bir sıra xoşagəlməz hallar müşahidə olunmuşdu. Stadion başdan-başa qondarma Dağlıq Qarabağ Respublikasının bayraqları ilə əhatə olunmuşdu. “Qarabağ Ermənistanın, Kosovo isə Serbiyanındı” plakatları da "öz yerində". Təbii ki, belə məsul oyunda bu cür hərəkətlər UEFA-nın əsasnaməsinə zidd və yolverilməzdir. Bəs AFFA bu barədə nə düşünür?
Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məsələ ilə bağlı Korner.az-a açıqlamasında bunları deyib:
“Biz dəfələrlə qeyd etmişik ki, futbol siyasətdən ayrıdır. Çempionatı isə AFFA yox,UEFA təşkil edir. Buna görə də hər şey bizdən asılı deyil. Yenə də, separatçı quruma istənilən dəstək yolverilməzdir”
