Layihə

Erməniləri məğlub edən ilk klubumuz – LAYİHƏ

18.01.2017 , 10:50

Sportfm.az və Korner.az saytları "Nefçi" – 80: ağ və qara tarix” layihəsinin icrasına başlayır.

Məmləkətimizdə futbolun ilk dalğası

Birinci dünya mübaribəsinin başlamasına az bir müddət qalmış Azərbaycanda ilk futbol komandaları yaradılmağa başladı. 1911-ci ildə oyunlarını Bakının torpaq meydançalarında keçirən bir neçə kollektiv var idi. O dövrdə ingilislərin neft yataqlarına meyl etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərdi. Futbolun vətəni İngiltərə olduğundan, onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə paytaxtımızda ilk futbol komandasının da adı "Britaniya klubu" idi. Görüşlərini Bakıda keçirən bu klub 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq matçda qüvvəsini sınadı. Tiflisdə keçirilən qarşılaşmada yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub oldu. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutmuş və ümumi hesab Azərbaycan komandalarının xeyrinə nəticələnmişdi.

1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürmədi. 1917-ci ildə sovet hökuməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğradı. 1920-ci ildə futbol həyatı Bakıya qayıtdı və ilk şəhər birinciliyinin qalibi "Sokol" oldu. 1923-cü ilin yazında komsomolun Zaqafqaziya olimpiadası keçirildi. Tiflisdə düzənlənən yarışa meydan sahiblərilə yanaşı, Bakı, Batumi, İrəvan komandaları da qatıldı. Bütün görüşlərdə qələbə qazanan bakılılar ilk olimpiadanın qalibi adını qazandı. 1925-ci və 1926-cı illərdə də Bakı komandası birinci yeri tutdu.

 

Balaxanı futbolçularının uğuru

1921-ci ildə Bakıda fəaliyyət göstərən komandalar arasında "Komsomolçu" və "İdman" daha uğurla çıxış etdi. 1923-cü ildə "Komsomolçu"nun adı dəyişdirilib və bir çox variantlar arasından "Proqress" seçildi. Bundan sonra isə "Proqress"lə "İdman"dan vahid komanda yaratmaq zəruri hesab edildi. Yenidən ad məsələsi gündəmə çıxdı. Bu dəfə qərar daha ədalətli oldu: iki komanda arasında görüş keçirərək vahid komandaya qalibin adını vermək. "Proqress" 4:2 hesablı qələbə qazandı və adını tarixdə əbədiləşdirdi. Daha çox Balaxanı sakinlərindən ibarət olan bu komanda 1926-cı ildə Zaqafqaziya çempionatında Azərbaycanı təmsil edirdi. Tiflisdə keçirilən turnirin açılış oyununda qonaqlar – Bakı və İrəvan komandaları üz-üzə gəldi. Balaxanı futbolçuları ilk rəsmi oyunda 4:0 hesabıyla qələbə qazandı. Meydan sahibləri erməniləri daha böyük hesabla (7:0) məğlub etdi. Son oyunda gürcüləri heç-heçə də qane edirdi. Oyunun bitməsinə 4 dəqiqə qalmış hesab 3:3 idi. Lakin Qnezdovun qolu ilk çempionatın qalibi adını "Proqress"ə gətirdi.

İlk Zaqafqaziya çempionu adını bu futbolçular qazandı: qapıçılar – Aqapov, Makoqonov; müdafiəçilər – Maraxtanov, Kosenkov; yarımmüdafiəçilər – Frolov, İvanov, Pantsev; hücumçular – Qnezdov, Yeliseyev, Kuznetsov, Makoqonov, Komarov, Semyanistı. Oyunlardakı sxemə gəlincə 2-3-5 sistemi tətbiq olundu. Növbəti mövsüm "Proqress"in Azərbaycanı təmsil etməsinin əleyhinə çıxan bir neçə komanda öz oyunçularını da ezam etməyi təklif etdi. Heyətdə xeyli dəyişikliyə baxmayaraq, komanda gürcülərlə "duel"dən xalla ayrıla bildi – 1:1. Gürcülərin ermənilərlə də qarşılaşması 1:1 bitdi, bakılıların ilk pilləni tutmaq şansı xeyli artdı. Komanda erməniləri 6:3 hesabı ilə məğlub etdi. Bu oyunda qapıçı İkonnikov ermənilərin iki penalti zərbəsini dəf etməyə müvəffəq oldu. Beləcə, ikinci Zaqafqaziya çempionatının qalibi adına yenə də Azərbaycan komandası layiq görüldü.

1930-1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edirdi. Komanda Almaniyanın seçmə fəhlə komandası (4:3 və 1:0) və İngiltərənin seçmə fəhlə komandası (5:2 və 3:1) üzərində qələbə qazandı.

 

Peşəkar klubun işartıları

1937-ci ildən ölkə rəhbərliyi çempionatı  klub komandalarının iştirakıyla keçirməyi qərara alır. Digər idman növlərindən fərqli olaraq, futbol komandası yaratmaq üzərində çox baş sındırmaq lazım olmur. “Qara qızıl” sahəsində çalışanlar 18 mart 1937-ci ildə futbol komandası yaradır. Əvvəllər “Balaxanı Futbolçular Dərnəyi” və “Proqress” adları ilə fəaliyyət göstərmiş Lenin (indiki Sabunçu) rayonunun “Leninneft” Neftçıxarma İdarəsinin komandası neftçilərə məxsus ən güclü komanda olduğundan, baza seçilir. Əslində, “Neftyanik”in yaranma tarixi sələflərinin yaranma tarixindən hesablanmalı və daha əvvəldən götürülməli idi. Amma “Leninneft”in futbol komandası “Neftyanik”ə verilsə də, sonradan bu təşkilat  gəncləri toplayaraq öz komandasını bərpa edir. Başqa sözlə, “Leninneft”in fəaliyyətini davam etdirməsi onların adının “Neftyanik”ə dəyişməsi faktını sanki yarımçıq qoyur və “Neftyanik” sadəcə “Leninneft”də oynamış futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alınır. Ad üzərində də çox fikirləşmək lazım gəlmir. Həmin dövrdə rus dili daha işlək olduğundan, komanda "Neftyanik" adlandırılır. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunur. Emblemdə neft buruğunun fonunda Kiril əlifbasının "H" hərfi – "Neftyanik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil edir. O dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından, qərara alınır ki, pambığın rəngi də formada əks olunsun. Komandamız haqda ilk məlumat “Azərbaycan Bədən tərbiyəçisi” qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində verilir. Həmin nömrədə komandanın ilk heyətinin üzvlərinin soyadları qeyd olunur: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. Elə həmin nömrədə komandanın ilk kapitanı Məmmədəli İsmayılovun futbol mövsümü haqda fikirləri də dərc olunur: “Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz Ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik”. Həmin dönəmdə Qroznıda, Krasnodarda və başqa şəhərlərdə eyniadlı komandalar meydana gəlsə də, SSRİ neft sənayesinin əsas komandası Bakı təmsilçisi idi. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" tarix boyu bir neçə dəfə formasının rənglərini dəyişə belə, hazırda ağ-qara rənglər klubun əsas rəngləridir.

 

İlk qol ermənilərə

"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirir. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyanik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub edir. Pavel Ştırlinin 87-ci dəqiqə vurduğu top "Neftçi"nin tarixində ilk qol idi. Oyunu gürcüstanlı hakimi Nikolay Larionov idarə edir. Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutur. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırır. 1938-1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak edir. Müharibənin başlaması ilə əlaqədar, komanda üzvlərinin əksəriyyəti Böyük Vətən müharibəsinə yollanır. Müharibədə həlak olanlar arasında müharibəyə qədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı.

 

Dünyaca məşhur hakimin doğma komandası

Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıdır və bir il sonra respublika çempionu ünvanını əldə edir. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəlir. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili olur.

1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt edir. Həmin heyətə sonralar tanınmış hakim olan Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirir. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlir. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurur. Çempionatın startı sensasion olur. Beş turdan sonra "Neftçi" birinci pilləyə yüksəlir. Lakin yekunda komanda 14-cü sıranı tutur.

 

Qızıla bərabər bürünc

"Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazanır. Həmin ildə 36 oyunluq marafonu major notlarla bitirən “Neftyanik” tarixində ilk dəfə o zamanlar üçün “kiçik Avropa çempionatı” kimi dəyərləndirilən SSRİ çempionatında üçüncü yeri tutur. Komandanın mövsümə tam hazırlıqlı gəlməsində baş məşqçi Vasili Sokolovun xidmətini danmaq, elə futbolun özünü danmaq olardı. Eyni zamanda mövsümlərarası dövrdə “yığılan enerji”ni çempionat boyu bacarıqla, ölçülü-biçili şəkildə xərcləmək də xüsusi bacarıq tələb edir ki, bu mənada da, “Neftyanik”ə rəhbərlik etmiş Əhməd Ələsgərovun əməyi böyükdür; məşqçi Valentin Xlıstovu da unutmaq olmaz. 1966-cı ildə aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. “Neftyanik” “A” qrupunun güclülər dəstəsində 9-cu mövsümünü keçirir. İlk oyunda Minskin “Dinamo” komandasını qəbul edən bakılılar heç-heçə ilə kifayətlənir – 0:0. Ümumiyyətlə, “Neftyanik” 8 turdan sonra məğlubiyyətə uğramayan 4 kollektivdən biri idi, ancaq bakılılar Leninqrad, Alma-Ata və Daşkənd səfərindən xalsız dönür. Komandamız səfərdən daha bir dəfə əliboş qayıdır: 14-cü turda Tbilisidə, ardınca Yerevanda uduzur. Məhz qonşu respublikaların komandalarına məğlubiyyətdən sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan gedir və 16-cı turdan etibarən “Neftyanik” oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxır.

Mövsümü uğurla başa vuran “ağ-qaralar” sonda bürünc medalları qazanır. O dövrdə əsasnaməyə görə, mövsüm ərzində yalnız oyunların minimum 50 faizində çıxış edən futbolçuya medal verilə bilərdi. “Neftyanik”də 50 faizlik səddi adlayan, yəni, 18 oyunda meydana çıxan 12 futbolçu olur. Lakin intizamsızlığa görə komandadan xaric edilən, həm də əksər oyunları yarımçıq keçirən S.Melkumova medal verilmir. Əvəzində, müstəsna hal kimi, SSRİ yığma komandasındakı xidmətləri nəzərə alınaraq, 14 oyunda çıxış etməsinə baxmayaraq, A.Banişevskinin adı siyahıya salınır. Beləliklə, bürünc medal alan futbolçularımız (ardıcıllıq 66-cı il mövsümündə keçirdiyi oyun sayına görədir): V.Semiqlazov, V.Bruxti, S.Kramarenko, K.Tuayev, V.Hacıyev, A.Trofimov, E.Markarov, A.Qryazev, N.Boqdanov, Y.Babayev, M.Zeynalov, A.Banişevski. Mövsümün yekununda, mütəxəssislərin rəyinə əsasən, A.Banişevski və K.Tuayev SSRİ-nin “33 ən güclü futbolçusu” siyahısına daxil edilir. Komandanın ən məhsuldar oyunçusu Anatoli Banişevski SSRİ yığmasının heyətində İngiltərədə təşkil olunan Dünya Çempionatında əsas simalardan biri olmağı da bacarır. Sonda 4-cü olan SSRİ yığması ilə yanaşı, 1966-cı ildəki mundiala bir zamanlar “Neftyanik”in heyətində çıxış edən, İngiltərə-Almaniya final matçında yan xətt hakimi olan Tofiq Bəhramov da öz damğasını vurur.

 

Gəncəlilərə gözlənilməz məğlubiyyət

Bürünc medallar paytaxt futbolçularına təntənəli şəkildə təqdim edilir. Respublika stadionunda təşkil edilən möhtəşəm idman bayramı “Neftyanik” ilə Kirovabadın “Dinamo” kollektivlərinin yoldaşlıq görüşü ilə başa çatır: Gəncə futbolçuları gözlənilmədən “bürünc “Neftyanik”i 2:1 hesabıyla məğlubiyyətə uğradır. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev Azərbaycan SSR Futbol Federasiyasının sədri Adil Eldarov və federasiyanın baş məşqçisi Rauf Adıgözəlov ilə birlikdə “Neftyanik”in 12 futbolçusuna bürünc medalları təqdim edir. Nailiyyətdə böyük xidməti olmuş komandanın rəisi Şövkət Orduxanov, həmçinin məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov isə diplomlarla təltif olunurlar. Bürünc medalların qazanılmasından cəmi bir il sonra SSRİ Kubokunda yarımfinala qədər irəliləyən klubumuz eyni uğuru 1968-ci ildə təkrarlayıb. Klubun ən tanınmış futbolçusu, məhsuldar oyunu ilə göz oxşayan Anatoli Banişevski SSRİ yığmasının tərkibində Avropa Çempionatının yarımfinalçısı olub. Həmin il başqa bir hadisə ilə də əlamətdar olur. Məhz 1968-ci ildə "Neftyanik" adının "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə baş tutur.  

(ardı var)

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

Yuxarı