Emre Mor üçüncü dəfə komandadan qovuldu
25.01.2019 , 14:26

Türkiyə millisinin futbolçusu Emre Mor “Selta”nın əsas komandasından uzaqlaşdırılıb.
Buna onun intizamsız hərəkətləri səbəb olub. Komandanın baş məşqçisi Migel Kardosonu boğaza yığan, komanda yoldaşları ilə yola getməyən “Türk Messi” ləqəbli futbolçu transferə çıxarılsa da, ona yiyə durmaq istəyən komanda tapılmır. Səbiri tükənən baş məşqçi intizamsız hərəkətlərinə görə Emreni üçüncü dəfə heyətdən uzaqlaşdırıb.
21 yaşlı vinqer daha öncə də komandadan bir neçə dəfə uzaqlaşdırılıb. O, Dortmund “Borussiya”sında olan zaman Tomas Tuheli də bezdirmişdi. İstedadlı futbolçu kimi qələmə verilən oyunçu Türkiyə millisində bir neçə dəfə Fatih Terimin qərarlarına sərt şəkildə etiraz etmişdi.
Xəbərdə Əmrə pul hərisi adlandırılıb və xarakterinə görə böyük futbolçu olmayacağı vurğulanıb.
