Çempionlar liqası

Emeqara: “Rəqib müdafiəçilərin işləri ağır oldu”

02.08.2018 , 10:31

“Keyfiyyətimi ortaya qoymağa çalışırdım. Bunu hamı gördü. Komanda üçün çalışırdım. İstəyirdim ki, qələbə qazanaq və bunun üçün əlimdən gələni etdim. Baş məşqçidən tapşırıq belə idi ki, bir yerdə oynayaq, topu qazananda da, itirəndə də”.

Bunu “Qarabağ” klubunun hücumçusu İnnosent Emeqara Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Albaniya “Kukesi”sini 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Nigeriya əsilli isveçrəli forvard jurnalistlərin suallarını cavablandırıb.

– Bir oyunda 3 penalti qazandırdığını xatırlayırsan?

– Rəqib müdafiəçilər üçün çox çətin oldu. Onlar mənim qarşımı kəsmək üçün bir yol axtarırdılar. İşləri ağır oldu.

– III mərhələdə BATE ilə qarşılaşacaqsınız. Həmin oyunlarla bağlı fikrin necədir?

– Bu oyunun asan olacağını düşünmürdük. Bu matçı asan edən biz olduq. Növbəti rəqib daha çətin olacaq. Daha keyfiyyətli oyunçuları var. 1 həftədir ki, komandaya qoşulmuşuq. Müəyyən qədər vaxtımız var ki, daha yaxşı uyğunlaşaq.

– İkinci penaltini Qurban Qurbanov sənin vurmağına icazə vermədi. Buna üzülmədin?

– Baş məşqçinin yerində mən də olsaydım, eyni qərarı verərdim. Onun qərarına hörmətlə qarşılayıram.

– “Qarabağ”dan 4 il öncə qısa müddət oynayaraq, ayrılmışdın. “Qarabağ” Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynadı. Qərarına görə peşman olmadın?

– 4 il əvvəl artıq keçmişdi. Ailəmlə bağlı məsələ idi. Həmin qərar mənim üçün də çətin olub. Mənə görə ailə hər şeydən əvvəl gəlir. Ayrılmağın səbəbi bu olub.

– İndiki “Qarabağ”la 4 il əvvəlki komandada fərq var?

– Bunu müqayisə etmək üçün bir az vaxt lazımdır. Həmin dönəmdə də güclü heyətimiz var idi. İndiki komandamız daha yaxşıdır. Hər mövqeydə 2-3 futbolçu oynayır.

– “Qarabağ”dan müəmmalı getmişdin. Düşünmürdün ki, geri dönəndə səni yaxşı qarşılamaya da bilərlər?

– Məşqçi heyətini və futbolçuları yaxşı tanıyırdım. Təklif gələndə bir müddət düşündük və ailəmlə qərar verdim. “Qarabağ” Azərbaycanda ən yaxşı komandadır. İnanıram ki, Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsində yenə də çıxış edəcəyik. Bura tam qəlbimlə gəlmişəm.

Son yazılar

Yuxarı