Dünən başa çatmış VI Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, baş katib son illərdə bu turnirin böyük populyarlıq qazandığını vurğulayıb:
"Sevindirici haldır ki, ötən müddət ərzində Bakı Beynəlxalq Futzal Turniri xeyli populyarlıq qazanıb. Artıq müxtəlif komandalar bu turnirdə iştirakla bağlı özləri təşəbbüs göstərirlər. Builki yarışa hazırlıq işləri 7 ay əvvəl başlamışdı. İştirakçı komandaların nümayəndələri təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirirlər.
Ümumilikdə, bu turnirin təşkilində əsas məqsəd ölkəmizdə futzalın, eyni zamanda sağlam həyat tərzinin təbliğidir. Azərbaycan milli komandası üçün bu yarış Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Millimizi turnirin qalibi olması münasibətilə təbrik edirəm".