Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə daha bir cəza alıb. Sport24.az xəbər verir ki, bu gün millimizin heyətindən kənarlaşdırılan müdafiəçi “Qarabağ”ın da əsas komandasından da uzaqlaşdırılıb.
Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Bu gün “Sumqayıt”la yoxlama oyunundan sonra jurnalistlərə açıqlama verən təcrübəli mütəxəssis bildirib ki, Elvinin “Qarabağ”ın əvəzedici heyətinə göndərilməsi haqda artıq qərar verib. O, bir müddət əvəzedici komandada hazırlıq keçəcək.
Xatırladaq ki, Yunuszadə yığmamızın düşərgəsində olarkən Belarusla oyundan öncə Qurban Qurbanovun təyin etdiyi iclasa yatdığı üçün gecikib. Buna görə o, eyni intizamsızlığa yol verən Araz Abdullayevlə birgə Belarusla matçın iştirak ərizəsinə daxil edilməmişdi. Bu gün isə Qurbanov Elvini həm yığmanın düşərgəsindən kənarlaşdırıb, həm də “Qarabağ”ın əsas komandasından. Yunuszadə “Sumqayıt”la yoxlama görüşündə (2:1) də “Qarabağ”ın heyətində yer almayıb.
sport24.az
