"Neftçi"nin futbolçusu Elvin Yunuszadənin Korner.Az saytına müsahibəsi.
– Azərbaycan kubokunun yarımfinal oyununun cavab qarşılaşması çərçivəsində “Qarabağ”ın qonağı olduz…
Məlum məsələ idi ki, oyun çətin keçəcək. Ancaq şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etdik.
– Oyundan əvvəl Böyükağa Hacıyev sizə xüsusi ilə hansı tapşırığı vermişdi?
– Nə lazım idisə, məşqçilərimiz oyundan əvvəl bizə tapşırmışdı. Yəni həmin deyilənləri sıralamağa başlasam, vaxtımız çatmaz (gülür). Belə xüsusi tapşırıq olmadı, sadəcə olaraq Böyükağa müəllim demişdi ki, mərhələni mənə hədiyyə edin.
– Böyükağa Hacıyev həmişə deyir ki, “Neftçi”yə rəqib ancaq özüdü. “Qarabağ”la görüşdə komandanız iki oyunun nəticəsinə görə qalib gəldi. Bununla belə, demək olarmı ki, həqiqətən də, “Neftçi”yə Azərbaycanda rəqib yoxdu?
– Bilirsiz, mən bütün rəqiblərimə hörmətlə yanaşıram. “Qarabağ”da top qovan yaxın qardaşlarımız var, ona görə bu barədə danışmayacam. Bu barədə Böyükağa müəllimin özü ilə danışın, görün nə deyir. (gülür)
– Qol vurduğun epizodu necə xatırlayırsan?
– Rəşad topu qaldırdı, bir də baxdım top tordadı artıq. (gülür) Həmin epizotda Rəşad Sadıqovu qabaqlayıb qol vurdum. Ancaq həmin vaxt Rəşad səhv etmədi, mən yaxşı oynadım.
– “Neftçi” bu il “qızıl dubl” edə bilər?
– Əsas hədəfimiz də elə budu. Ancaq bu yerdə hər şey özümüzdən asılıdı. Üzüb-üzüb quyruğuna gəlmişik, axırda hansısa bəxtsizliklə üzləşmək istəmirik.
– Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”la qarşılaşacaqsız. Azərbaycanın ən böyük derbisində oynamaq səndə hansı təəssuratları oyadır?
– Bizim heç bir oyunumuz ajiotajsız ötüşmür. Bu oyuna da maraq həddən artıq olacaq. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq.
