Elşad Əhmədov: “Keyfiyyətli hücum qura bilmirik”
01.12.2018 , 19:32

Topaz Premyer Liqasında XIII turun “Sabah” – “Neftçi” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan shaiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç haqda fikirlərini bildirdi…
– Maraqlı oyun keçdi. Matçda hər şey oldu: qollar, sarı, qırmızı vərəqələr, qol imkanları… Hər iki komanda qələbə qazanmaq istəyirdi. Standart vəziyyətlərdən əziyyət çəkdik. Bunların “bəhrəsini” gördük. İkinci hissədə uşaqlar oyunu əldən buraxmaq istəmirdi. Şanslarımız oldu. 1 xal qazana bilərdik. “Neftçi”nin irəlidə keyfiyyətli futbolçuları var. Onların sayəsində də imkanlar yaradıb, qol vururlar.
– Meydanda başqa nə olmalı idi ki, “Sabah” qol vursun, xal qazansın?
– Hər şey var idi, sadəcə keyfiyyətli hücum alındıra bilmirik.
– Nə çatmırdı?
– Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s.
– Elşən Abdullayev nə zamana hazır olar?
– Gələn oyun meydana çıxa bilər. Həkimlərin qərarından asılı olacaq.
