Elşad Əhmədov: “Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir”
09.03.2019 , 18:31

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 20-ci turunda “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
– Oyuna pis başlamadıq. Hücumda problemlərimiz var, qol imkanlarından istifadə edə bilmirik. Qapımız qarşısında isə ilk təhlükə qolla nəticələndi. Fasilədə futbolçuları ruhlandırmağa çalışdıq, ama ikinci hissədə yenə müdafiədə səhvə yol verdik. 2-ci qoldan sonra uşaqlar həvəsdən düşdü.
– Meydanın durumu sizin oyununuza necə təsir etdi?
– Təbii örtüyə öyrəşmişik. Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir. Buna baxmayaraq, daha yaxşı çıxış etmək olardı.
– Sanki futbolçuların fiziki gücü tükənmişdi…
– Deməzdim. Psixoloji düşkünlük görünürdü daha çox.
– Ardıcıl iki matçda böyük hesabla uduzduz. Müdafiəçilərin və qapıçının çıxışı haqda nə düşünürsüz?
– Saşa Stamenkoviçin komandaya çox xeyri olub. Bu gün səhvləri oldu. Belə hadisələr normaldı. O, bizim üçün lazımlıdı. Müdafiədə problemlərimiz var. Bunları araşdırırıq və aradan qaldırmağa çalışırıq.
– Ardıcıl məğlubiyyətlər psixoloji olaraq pis təsir edə bilər. Düşünmürsüz ki, futbolçulara yeni yanaşma lazımdı?
– Lazımdı. Psixoloji durum aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, bunu aradan qaldıraq.
– “Qarabağ”la heç-heçədən sonra arxayınlıq yaranmayıb ki?
– Keçən oyunda ola bilər ki, hiss edilirdi. Ancaq bu gün belə şey yox idi.
– Təmkin Xəlilzadənin start heyətində yer almaması nə ilə bağlı idi?
– 2 gündü məşq edir. Keçən matçda qızdırma ilə oynamışdı. Bu gün də göründü ki, tam gücü yoxdu.
