Topaz Premyer Liqasının 8-ci turunda “Xəzər Lənkəran”ın heyətində “Bakı”ya qol vuran Elnur Cəfərov klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb.
Korner.az-ın məlumatına görə, 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc istedad yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb.
Əmirquliyev 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə kubokun – 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf etmişdi. Rahid Premyer Liqadakı ilk topunu isə cəmi 6 gün sonra – 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub. Həm çempionat, həm də ümumilikdə ən gənc qol müəllifi olan Əmirquliyevi keçmək üçün Cəfərova 4 ay kifayət etməyib. Ən gənc qolçular arasında 3-cü pillədə isə 18 yaş 4 ay 2 günlüyündə rəqib qapısına yol tapan Vüqar Nadirovdur. 2005-ci il oktyabrın 15-də kubokun “Şərur”la (9:0) oyununda fərqlənib.
