Elmar Baxşıyev: “Komanda uduzanda oyun planında iradım olmur”
30.11.2020 , 20:35

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevfikirlərini bildirib.
Korner.az xəbər verir ki, 40 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
“Müəyyən səbəblərə görə oyuna çox ciddi itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Oyun öncəsi də gənclərə inandığımızı futbolçulara demişdik. Gənc oyunçulara şans versək, onların özlərini doğruldacağına inanırdıq. Komanda şəklində yaxşı və məzmunlu oyun göstərib qalib gəldik. Qol imkanlarından yararlanmamağın üzərində daim işləyirik. Məşq prosesi və oyun fərqli olur. Futbolçular matç zamanı stress altında qərar verir. Həmin epizodları yaratmaq da güc, qüvvə tələb edir. Mən istədiyim komandanı, məşqlərdə üzərində çalışdığımız elementləri meydanda da görürəm. Komanda uduzanda oyun planında iradım olmur, fərdi səhvlərə görə xalsız qalırıq. Getdikcə həmin epizodlara daha yaxşı konsentrasiya ilə yanaşıb imkanları dəyərləndirəcəyik.
Rüfət Əhmədov U-21 millinin üzvüdü, akademiyamızın yetirməsidi. İyulda bizə qoşulub. Ona inanıb gətirmişik. Gənc oyunçunu tədricən əsas komandaya uyğunlaşdırmaq lazımdı. O, gələcəkdə əsas milliyə qədər yüksələ bilər. Onda bu potensial var”.
