Elçin Məmmədov. Onun haqqında “hakimlərin kabusu” da deyildi, “kqbeşnik” də. Artıq böyük futbolda yoxdu. Özü deyir ki, ərizəsiylə gedib. Mətbuatda isə fərqli söz-söhbətlər yayıldı. Onunla söhbət bəlkə də çoxdan – hakimlikdən uzaqlaşdığı günlərdə baş tutmalıydı bəlkə də. Ancaq müəyyən müddətin keçməsi və söz-söhbətlərin yeni məcra qazanıb-qazanmayacağını görmək üçün gözləməyi lazım bildim. Söhbətimiz bir saata yaxın çəkdi. Demək olar ki, hər şeydən danışdıq. Hətta ötənlərdə qalanlardan da…
– Hakimlikdən qovulduğun deyilir, sən isə hələ də öz ərizənlə getdiyini iddia edirsən.
– Mən iddia etmirəm. Ərizəmin surəti də var, göstərə bilərəm.
– Nə vaxt yazmısan ərizəni?
– Mən hələ keçən ilin yanvarından – Antalyada təlim-məşq toplanışında olandan Hakimlər Komitəsinin rəhbərliyi ilə söhbətlərimdə bildirirdim ki, hakimlikdən getmək istəyirəm. Çünki görürdüm ki, artıq biznes işlərimlə hakimliyi paralel apara bilmirəm. Atam yaşlanıb, ailə biznesinə nəzarət edə bilmir. Hakimliklə bu işlər tutmurdu. Məşqlərə, hazırlığa daha çox vaxt ayırmaq lazımdı hakimlikdə. Çatdırmırdım, görürdüm ki, vaxtımın çoxunu biznesimə ayırıram. Nəticədə isə meydanda səhvlər buraxırdım. Oyuna tam hazırlaşa bilmirdim, bir sözlə. Mən özünə tənqidi yanaşan adamam. Ötən mövsümün axırından hiss edirəm ki, hakimliyimdə zəifləmələr var. Məsələn, “Gəncə” – “Qarabağ” oyununda penaltini görə bilməmişdim. Belə səhvlərim çox olurdu. Buna görə də yanvardan bəri şifahi müraciətlər etmişdim ki, hakimlikdən gedim. Yalnız öz profilim üzrə oyunlara vaxtaşırı getmək və gənc hakimlər yetişdirmək bəs edər.
Mənə qəribə gələn bilirsən nədi? Hakimlikdən getməyimi oyunla-zadla əlaqələndirilməsi (gülür). Mən ya aprelin 19-u, ya da 20-də ərizəmi yazmışam. Məndə surəti var, dediyim kimi.
– Yox, özündə surəti varsa, ya 19-u, ya da 20-i deyə bilməzsən. Konkret bir tarix deməlisən. Həm də belə tarixlər yaddan çıxmır, sənədin surəti olsa da, olmasa da…
– Yox, ya 19-da, ya da 20-də olub. Sənəd maşınımdadı.
– Mənə surəti göstərərsən. Çünki sən bir başqa açıqlamanda da demisən ki, ya 15-də yazmısan, ya da 16-da. Yəni konkret tarix demirsən. Əlində sənədin surəti var və üstəlik, dediyim kimi, belə tarixlər yaddaşdan bu qədər tez silinməz.
– Onu bilirəm ki, mən ərizəni həmin oyundan (ölkə kubokunun “Xəzər Lənkəran” – “Bakı” matçını nəzərdə tutur – S.A.) əvvəl yazmışdım. Və Hakimlər Komitəsinin sədri demişdi ki, yaxın günlərdə baxılacaq. Mən də demişdim ki, imkan daxilində tez baxılsın.
– Mənə elə gəlir ki, prosedur belə olmalıdı: ərizəylə müraciət etmisənsə ki, məni hakimlikdən uzaqlaşdırın, növbəti turlarda sənə oyun verilməməliydi. Ərizən cavablandırılanadək təyinat almamalıydın. Məntiq bunu tələb edir.
– Yox, prosedur elə deyil. Hakimlər Komitəsi İctimai Birlikdi. Belə məsələlər üçün Komitənin toplantısı olmalıdı.
– Deyirsən ki, oyunlara tam hazırlaşa bilmədiyini hiss edirdin…
– Bəli, ilboyu demişəm bunu.
– Əla. Sən hazır deyildim deyirsən, amma Hakimlər Komitəsi sənə təyinat verir. Belə çıxmırmı ki, Hakimlər Komitəsi hazırlıqsız hakimə təyinat verməklə səhv edib? Məgər paradoks deyilmi bu?
– Yox, buna səhv eləmişdi demək olmaz. Sadəcə ərizəyə baxılana qədər hakimə oyun verilib, vəssalam.
– Amma sən hazır deyilsənsə və bunu etiraf edirsənsə, necə oyun idarə edə bilərdin?
– Mən özlüyümdə deyirəm bunu.
– Bayaq dedin ki, yanvardan bu yana Hakimlər Komitəsinin sədrinə dəfələrlə demisən ki, oyunlara hazır deyilsən, hazırlığın yaxşı deyil və s. Bəs necə olub ki, sədr bu müddət ərzində hazırlıqsız hakimi oyunlara göndərib?
– Mən bunu ikili söhbətlərimizdə demişdim. Rəsmi deyildi yəni. Və müsbət də qarşılanmamışdı.
– Tutaq ki, sən Hakimlər Komitəsinin sədrisən. Mənsə hakim. Gəlib sənə deyirəm ki, hazırlığım yaxşı deyil, məşqlərimi vaxtlı-vaxtında edə bilmirəm və s. Mənə oyun verərsən?
– Ola bilər ki, verərəm.
– Axı mən özüm etiraf edirəm ki, hazır deyiləm oyun idarə etməyə.
– Nə olsun ki? Ola bilər ki, Hakimlər Komitəsinin fikri hakimin fikriylə üst-üstə düşmür. Onlar hakimin hazırlığına baxır və hesab edirlər ki, qənaətbəxşdi. Hakimlərin hazırlığına Elmi-metodiki Komissiyadan başqa, fiziki hazırlıq üzrə məşqçi və Qaydalar üzrə nəzəriyyə Komissiyası baxır. Ola bilər ki, həmin komissiyalar rəy versinlər ki, hakimin hazırlığı yaxşıdı.
– O rəy önəmlidi, yoxsa hakimin “hazır deyiləm” sözü?
– Onda hakimə oyun verilər və hakim deyər ki, bu gün özümü pis hiss edirəm. Amma oyun günü deyər ki, yaxşıyam artıq. Bəs onda Hakimlər Komitəsi hansı kriteriyaları nəzərə almalıdı? Hakimlərin hazırlığıyla məşğul olan komissiyalar var və onların rəyi əsasında da təyinat verilir.
– Məgər oyundan əvvəl soruşulmur ki, sən bu oyunu idarə etməyə özünü hazır sayırsan, ya yox?
– Xeyr. Hətta sağlamlığıyla bağlı problem olduğunu deyirsə, gərək getsin “Modern Hospital”dan, ya da Respublika İdman Dispanserindən arayış alsın.
– Xəstəlik yox, sırf psixoloji cəhətdən hazır olmayan hakimə təyinat verilə bilər?
– Bəli.
– Absurd deyilmi bu?
– Xeyr. Bəlkə hakim həmin oyundan yayınmaq istəyir?
– Absurddu və bunu bitən bu mövsümün axırlarına doğru, hamısını deməyəcəm, tərifini göyə qaldırdığınız əksər gənc hakimlərin simasında gördük.
– O sizin fikrinizdi də, Saleh müəllim. Gəlin bir-birimizin fikrinə hörmətlə yanaşaq. Sizin fikriniz mütəxəssislərin fikirləriylə üst-üstə düşməyə bilər.
– Təbii. Amma bu, subyektiv fikir olmaqla yanaşı, həmdə faktoloji fikirdi.
– Mənimsə fikrim budu ki, gənclər yaxşı hakimlik elədilər.
– Bəs niyə cəzalanırdılar?
– Cəza hansısa hakimi “silmək” üçün verilmir ki. Ona görə cəza verilir ki, səhvlərindən nəticə çıxartsın. Bizdə sovetdən qalma “sistemdi”. Baxın Avropaya. Vebb kimi hakim bir oyunda 3 dənə olmayan penaltini verdi, ertəsi gün yenə təyinat aldı. O deməkdi ki, Vebb hakim deyil? Avropa oyunlarında nə qədər hakim səhvləri olur. Bizdəki kimi, axışsınlar da klub prezidentləri, rəsmiləri meydana. Avropanın hansısa oyununda görmüsüz ki, hansısa klub nümayəndəsi hakimə qışqırsın ki, sənin ananı, sənin var-yoxunu..? Bizdə Birinci diviziondan tutmuş, Premyer Liqayadək belədi. Hakim səhv eləyən kimi, hamısı “siqan” kimi meydana axışırlar. Absurd deyilmi? Hakimin səhvi varsa, bunun sivil yolla həll qaydası da var. Bizim mətbuat hakim səhvlərini elə qabardır ki…
– Biz klub rəsmilərinin meydana axışmalarını da “topa tuturuq”, Elçin.
– Yox e, hakim səhvini elə qabardırlar ki, elə bil, Dağlıq Qarabağı da o hakim satıb. Klublar şikayət edirlər ki, misalçün, mövsüm ərzində çox fasilələr olur. Halbuki, çempionatın Əsasnaməsi hazırlananda hamısı “dobro” veriblər. “Dubl”larda yaş məhdudiyyətindən gileylənirlər. Bəs mətbuat bunlara niyə sual vermir ki, a bala, bunu mövsümün əvvəlində siz özünüz razılaşdırıb qol çəkmisiz axı?
– O yaş məhdudiyyətini İcraiyyə Komitəsi qoyur, klub rəhbərləri yox.
– İcraiyyə Komitəsinin 4 üzvü klubların təmsilçiləridi.
– Bura Azərbaycandı. Özün də gözəl bilirsən, o adamların klubdan namizədliklərinin necə verildiyini.
– Mən başa düşürəm… 19 yaşlıların liqasını yaratdılar. Bir adam soruşmur ki, a quzu kəsim, Azərbaycan qanunvericiliyinə ziddi e bu elədiyiniz. Liqa yaradırsansa, 12 komandanın hərəsində 25 futbolçu olmalıdı. Bu da ən azı 300 nəfər eləyir. Bu gün Azərbaycanda 300 nəfər 19 yaşlı futbolçu saya bilərsiz? Və qanunvericiliyə görə, 18 yaşı tamam olmuş gənc əsgərliyə getməlidi, yaxud institutda oxumalıdı. Deməli, komandalara kimlər cəlb olunmalıdı? “Neqodnılar”. Əgər bir insan əsgəri xidmətə yararsızdısa, futbolu necə oynayacaq? Amma 53 nəfər konfransda yaşıl işıq yandırır ki, razıyıq. Mətbuat bunu niyə qabartmır? Ona görə ki, bir çox mətbuat işçisi klublardan asılı vəziyyətdədi. Hakimləri pisləyirlər ki, klublardan nəsə gəlsin. Bu gün klublar iddialar irəli sürürlər ki, nəsə veriblər kiməsə. Soruşan yoxdu ki, a bala, kiməsə nəsə vermisənsə, sənə də cəza düşür e.
– Yəqin ki, “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun açıqlamasına işarə vurursan.
– Mən bilmirəm, Zeynal Məmmədov o açıqlamanı verib, ya yox. Çünki öz ağzından rəsmi açıqlama eşitmmişəm.
– Onun mətbuatdakı açıqlamasını oxuya bilərəm sənə: Mən ona, yəni sənə, rüşvət verdiyimi deməliyəm.
– Mən onun belə bir açıqlamasını oxumamışam. Bir jurnalistlə də danışdım. O da dedi ki, Zeynal müəllim “biz onun rüşvət aldığını sübut edəcəyik” deyib. Jurnalist başqa cür oxuya bilər. Sən dediyin açıqlamasını isə sonradan təkzib edib. İndi mən kimə inanım?
– Sonradan atılan daş topuqdan yuxarı dəymir, hər halda.
– Bu gün bir çox mətbuat orqanında olmayan şeylər yazılır. Sonradan məlum olur ki, uydurmadı. Hər il Xaqani Məmmədovu Hakimlər Komitəsindən “göndərirlər”. “Bakı” heç bir rəsmi narazılıq bildirməyib idarəçiliyimlə bağlı.
– “Bakı” öz saytında video yerləşdirmişdi. Hər halda, rəsmi saytda verilən xəbər, yerləşdirilən video rəhbərliyin mövqeyini əks etdirir, birmənalı.
– Rəsmi etiraz deyil bu. Rəsmi etirazın forması var. Protest yazılmalıdı PFL-ə və ya Hakimlər Komitəsinə. Klubun rəsmi saytının verdiyi məlumat yalnız klub üçün rəsmi sayıla bilər.
– Klubun rəsmi saytında…
– (sözümü kəsir) Saleh müəllim, mən hüquqşünasam.
– Mən də pis bilmirəm rəsmi və qeyri-rəsmi məlumatın nə olduğunu.
– Rəsmi etiraz o vaxt sayılardı ki, klub öz blankında məktub göndərərdi, möhürlü-filanlı. Və o məktub qeydiyyata götürülərdi. Bundan sonra şikayətə baxılır. Belə olmayan halda saytda yazılanlara inana bilmərik. Bəlkə orda işləyən jurnalist özündən yerləşdirib o videonu sayta?
– Klubun rəsmi saytında jurnalist nə gəzir?
– Saytı işlədən insanlar olsun.
– Sənin, məsələn, bu oturduğumuz “obyekt”ində kimsə səndən xəbərsiz iş tuta bilər?
– Mənim “obyekt”imdə kimsə özbaşına hərəkət edə bilməz. Və inanmıram ki, onlarda da kimsə özbaşına iş tutar. Söhbət rəsmi etirazdan gedirsə, o, rəsmi etiraz deyil. Mən qanunvericiliyə uyğun olaraq rəsmi müraciətin formasını izah etmək istəyirəm.
– Gərək yoxdu. Rəsmi müraciət formasını bilirəm. Mən artıq neçənci dəfədi bir sualı tamamlamaq istəyirəm, ancaq mövzudan yayınırıq. Gənc hakimlərdən danışırıq. Onların mövsümün sonuna doğru hazırlıqsız olmaları açıq şəkildə göründü. Göründü, ya yox?
– Nəylə ölçürsüz bunu?
– Mövsümün sonuna doğru bir neçə həlledici oyun oldu. O oyunlardan hansına gənc hakimin təyinat aldığını de mənə.
– Bir çox oyunda olublar.
– Misalçün, “Neftçi”çinin çempionluğunun böyük ölçüdə həll olunduğu “Qarabağ”la oyununda kim idi baş hakim? Yaxud, gümüş-bürünc medalların taleyinin həll olunduğu “Qarabağ” – “İnter” oyununu götürək. Kim idi orda?
– Təyinatlar indi yadımda deyil. Yəqin demək istəyirsiz ki, təcrübəli hakimlər idilər o oyunlarda. Ola bilər. Amma bu o demək deyil ki, gənclər hazırlıqsız olublar. Bəlkə başqa oyuna gediblər?
– Başqa oyuna getmək deyil səbəb. Sadəcə cəzalanmışdılar… Rəhim cəzalıydı…
– (sözümü kəsir) Bir dəqiqə, Rəhimin cəzalanması düzgün deyildi. Bunui Hakimlər Komitəsinin sədrinə də demişdim. Rəhim “Neftçi” klubunun rəsmisinin atmacasına mətbuatdakı cavabına görə cəzalanmışdı.
– Belə çıxır ki, düz edib cavab verib?
– Mən hesab eləyirəm ki, cavab verməliydi. Oyunuyla bağlı şərh verməmişdi. Sadəcə olaraq demişdi ki, qaydaları bilmirlərsə, gedib oxusunlar.
– Amma sənin ifadə elədiyin şəkildə yumşaq yox, kobud formada demişdi…
(ardı var)
Saleh ARSLAN