Layihə

Elçin Məmmədov: “Qarabağ”, AZAL və “Kəpəz”ə maliyyə sanksiyası tətbiq olunub – LAYİHƏ

18.11.2016 , 08:25

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun korner.az-a müsahibəsinin ikinci hissəsi.

– Mən layihə ilə bağlı yazılara hazırlaşmazdan əvvəl sizin Lisenziyalaşdırma qrupunun hazırladığı hesabatla da, lisenziyalaşdırma üzrə Premyer Liqa və UEFA qaydaları ilə də detallı şəkildə tanış oldum, ortaya çıxardığınız maraqlı faktları işıqlandırdıq. Hətta yazımda da qeyd etmişdim ki, mükəmməl şəkildə hazırlanıb hesabat. Diqqətimi çəkən məsələlərdən biri də “B” dərəcəli meyarları ödəyə bilməyən klublara sanksiyanın tətbiq olunması ilə bağlı məqam idi. Ən yüksək cərimə kimi 10 min manat nəzərdə tutulub. Ki, bu da klublarımızın çoxu üçün böyük məbləğ sayılmır. Gələcəkdə cərimənin daha sanballı cəzaya çevrilməsi nəzərdə tutulurmu?
– Əslində, “B” dərəcəli meyarlarla bağlı vəziyyət belədir ki, əgər hansısa klub bu meyarları ödəmirsə, əvvəlcə xəbərdarlıq edilir. Əgər klub nəticə çıxarmırsa, cərimə olunur. Əgər yenə də meyarı ödəmirsə, cərimənin məbləği artır. Cərimə 10 min manat həddinə çatdıqdan sonra isə kluba müəyyən vaxt verilir və bu müddətdə də müsbət nəticə hasil olmursa, o zaman həmin “B” dərəcəli meyar o klub üçün “A” dərəcəli meyara çevrilir. Məsələn, ötən il qızlardan ibarət komanda təşkil etmədiyinə görə “Zirə”yə xəbərdarlıq olunub – bilirsiniz ki, bu klub UEFA lisenziyası da ala bilmədi. Eyni səbəbə görə “Qarabağ”, AZAL və “Kəpəz”ə isə maliyyə sanksiyası tətbiq olunub.

– Söhbət “Zirə”dən düşmüşkən, istərdim, bu klubun UEFA lisenziyası ala bilməməsinin səbəbini bir də sizin dilinizdən eşidim. Əsas səbəb kimi o göstərildi ki, “Zirə” Premyer Liqada 3 il çıxış etməlidir. Ancaq Türkiyənin “Osmanlıspor” klubu Superliqaya 2014-2015-ci illər mövsümündə yüksəlmişdi və bu il Avropa liqasında çıxış edir. 
– Burada fərq ondadır ki, Türkiyədə 3 liqa var və hər hansı klub ən aşağı dəstədən başlasa, 3 ilə yüksək liqaya vəsiqə qazanır.

– Aha, deməli, mühüm olan Premyer Liqada 3 il çıxış etmək deyil, ümumiyyətlə, 3 il ölkədaxili peşəkar klublar üçün nəzərdə tutulmuş yarışlarda mübarizə aparmaqdır.
– Bəli. Bizdən əvvəl belə bir hadisə Qazaxıstanda olub. İllər əvvəl bu ölkənin “Astana” klubu “Lokomotiv” (Astana) adı ilə çıxış edirdi. Klub təsis olunduğu ilk ildəcə yüksək dəstəyə buraxılmışdı və mükafatçılardan olsa da, iki il Avropaya vəsiqə verilmədi. Çünki bizdə olduğu kimi, Qazaxıstanda da iki liqa var: Premyer liqa və I divizion. Digər ölkələrdə isə divizionların sayı çoxdur deyə, aşağı dəstədən başlayan klub istər-istəməz 3 illik tələbi yerinə yetirmiş olur. Rumıniyada bir neçə mövsüm bundan əvvəl “Krayova” klubu ilə bağlı bir hadisəni danışım sizə. İllər əvvəl mövcud olmuş bu klub sonradan dağılıb və o klubun təmsil etdiyi bölgənin rəhbərliyi bir müddət sonra qərar vermişdi ki, klubu bərpa etsinlər. Federasiya bu təşəbbüsü nəzərə alaraq, həmin klubu birbaşa birinci diviziona buraxdı və elə ilk ildəcə yüksək dəstəyə vəsiqə qazandılar. Növbəti mövsümdə isə yüksək liqada 5 yerini tutaraq, avrokuboklarda çıxış etməli idilər, lakin buraxılmadılar. Çünki 3 il qaydasınə əməl etmək üçün, klub ardıcıl 3 il peşəkar səviyyədə çıxış etməlidir.

– Yəni, “Zirə” özünü, tutalım, “MKT-Araz”ın varisi elan etmiş olsaydı da, avrokuboklara gedə bilməyəcəkdi?
– Bu halda klub gərək varisliyini sübut etsin, sələfinin bütün aktiv və borclarını öz üzərinə götürsün və s. Çünki belə şeyləri UEFA çox ciddi şəkildə araşdırır. Hətta “Zirə” bütün borcları öz üzərinə götürmüş olsaydı, İmişli ilə Zirə arasında hansı əlaqəni tapacaqdı? (gülür) 

– Söhbət əsnasında “bəzən elə insanlarla işləyirik ki, futboldan anlayışı olmur” – dediniz. Ancaq hər halda, işini bilən lisenziyalaşdırma üzrə menecerə sahib olan klublar da var. Mənə həmin menecerlərin sizinlə görüşlərdə, seminarlarda səsləndirdikləri fikirlər maraqlıdır. Daha çox nədə problem yaşayırlar iş əsnasında, nə təklif edirlər, hansı meyarların tələblərini radikal sayırlar, hansı tələblərin yumşaldılmasını istəyirlər?
–  Əslində, Azərbaycanda təcrübəli menecerlər əsasən böyük klublarda çalışırlar və öz işlərini kifayət qədər yaxşı bacarırlar. Avrokuboklarda daima çıxış edən komandalarımızın lisenziyalaşdırılmasını bir neçə ildir eyni insanlar aparırlar deyə, artıq öz işlərini tam mənimsəyiblər. Onları hər dəfə maraqlandıran yeganə şey ötən mövsümlə müqayisədə yeni mövsümdə nə kimi dəyişikliklərin edilməsidir. O ki qaldı radikal tələblərə… Bəlkə də, klublarımız qızlardan ibarət komanda təşkil etmək məsələsinə isti yanaşmırlar. Klublar Komitəsinin son iclasında da hətta bu barədə söhbət açılmışdı. Əslində, bu meyar düşünüldüyü qədər sərt deyil, əksinə, çox yumşaqdır. Biz orda şərt qoymamışıq ki, klub qızlardan ibarət komandanı sıfırdan yaratmalıdır. Klub qızlardan ibarət hər hansı komanda ilə müqavilə bağlaya, himayəyə götürə bilər. Tutaq ki, klub qızlardan ibarət hər hansı komandaya deyə bilər ki, biz sizi formailə, topilə təmin edirik, yaxud məşqçilərin maaşını öz üzərimizə götürürük, siz isə çempionatda bizi təmsil edirsiniz. Heç o komandanın adını dəyişidirib, “Qarabağ”, AZAL və s. qoymasını da tələb olunmur. Üstəlik, yaş həddi də qoyulmayıb. Yəni istənilən yaşda qızlardan ibarət komanda təşkil edə bilərlər. 
Böyük klublar anlayırlar ki, aşağı yaş qrupu üzrə komandalarının sayının çox olması onların xeyrinədir. Məşqçilərin ixtisaslı olması da klubların xeyrinədir. Əgər biz klubların qarşısında aşağı yaş qrupu üzrə komandaları çalışdıran məşqçilərin “B” kateqoriyalı lisenziyaya sahib olması şərtini qoymasaq, o klubun gələcəyi sayılan komanda ixtisası olmayan insanların əlinə düşə bilər. Klublar bunu yaxşı anlayırlar. Stadionla bağlı məsələ də onun kimi. Klublar başa düşürlər ki, məndən bu şeyləri tələb edirlərsə, deməli, mən də sabah səfərə çıxanda, ən pis halda, eyni şəraiti – normal qazon, normal soyunub-geyinmə otağı və s. – görəcəyəm. Biz bəzən şəraiti anladığımız üçün klubları bir o qədər sıxmırıq. Məsələn, Gəncə stadionunun qısa müddətdə Avropa standartlarına uyğunlaşdırılmasını tələb etmək doğru olmaz. Əsas odur ki, klub bu istiqamətdə işlər görür və şərait tədricən standartlara uyğunlaşdırılır. 

– Stadiondan söz düşmüşkən, son illər öz çempionat oyunlarımız bir yana, avrokuboklar oyunlarında “qazon sindromu” yaşayır klublarımız. Elə bu mövsüm “Qarabağ”la “Qəbələ” eyni səbəbdən arena dəyişikliyi etməyə məcbur qaldılar. Lisenziyalaşdırma üzrə UEFA və PL qaydalarının meyarları sırasında hər bir klubda stadionun ot örtüyünə məsul şəxsin olması tələbi də var. Tofiq Bəhramov adına Respublika stadionun direktoru məlum qazon söhbətindən sonra açıqlama vermişdi ki, ot örtüyünə qulluğu biz yox, klubun işçisi edirdi. Yəni bütün günahı “Qarabağ”ın üzərinə atmış oldu. Lisenziyalaşdırma qrupu bu kimi hallarda kluba hər hansı formada təsir “rıçaq”ına malikdirmi? Axı hər il eyni halın təkrarlanması ölkə adına da mənfi haldır…
– Əslində, bu meyarın tətbiq olunması ilə bağlı əsas məqsəd o idi ki, biz klublarda bu sahədə kimin işlədiyini əyani şəkildə tanıyaq. Yəni orada tələb kimi qoyulmayıb ki, həmin şəxs mütləq klubda ştatda olmalıdır. Kənardan da cəlb oluna bilər. Çünki klublarda vəziyyət fərqlidir – kimisi öz stadionunda keçirir ev oyunları, kimisi isə icarəyə götürdüyü arenada. Digər tərəfdən, bir neçə il bundan əvvəl biz ot örtüyünə qulluq etməli olan insanlara seminar keçirdik. Məqsədimiz bu sahədəki biliklərini artırmaq idi. O ki qaldı bu  məsələyə, bizim burada rolumuz nədir? UEFA siyahı tərtib edir və hər bir ölkənin federasiyası bilir ki, hansı stadionu hansı kateqoriyaya daxildir. UEFA stadionları 4 kateqoriyaya bölür. Avrokubokların ilk iki seçmə mərhələsini keçirilməsi üçün minimum tələb 2 –ci kateqoriyalı stadionun olmasıdır. Belə stadionlarımız çoxdur: “AZAL Arena”, “Bayıl Arena”, Qəbələ stadionu və s. Misal üçün, “Dalğa Arena”, “İnter Arena” və s. stadionlar isə bunlardan bir pillə yuxarı kateqoriyaya şamil olunur, yəni 3-cü kateqoriya. Bu stadionlarda 3-cü seçmə mərhələ və play-off mərhələsinin matçları keçirilə bilər. Çempionları Liqasının Play-off və qrup mərhələsi, Avroliqanın qrup mərhələsinin oyunları isə ən yüksək, yəni 4-cü kateqoriyalı stadionlarda keçirilməlidir. Bunlar isə Bakcell Arena, T.Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionudur. Yəni, ölkə üzrə UEFA-dan kateqoriya almış stadionların siyahısı var və biz bu siyahıya uyğun olaraq klubların sənədlərini qiymətləndiririk. Klublarımız 1 və 2-ci seçmə mərhələdən oynamağa başladığı üçün biz minimum olaraq tələb edirik ki, klublar 2-ci kateqoriyaya malik olan stadionlarla növbəti mövsümü əhatə edəcək müqaviləni bizə təqdim etsinlər. Klublar yayda seçmə mərhələlərdə irəlilədikcə, artıq UEFA bu məsələni monitorinq etməyə başlayır və klublardan növbəti oyunları daha yüksək kateqoriyaya malik olan stadionlarda keçirməyini tələb edir. Məsələn, Qarabağ Futbol klubu öz oyunlarını 4-cü kateqoriyalı T.Bəhramov adına Respublika stadionunda keçirdiyi üçün, bu məsələ heç müzakirə olunmur. Digər tərəfdən isə, Qəbələ Futbol klubu Qəbələ şəhərində yalnız 1 və 2-ci seçmə mərhələnin oyunlarını qəbul edə bilər.
Hər mövsümun əvvəlində UEFA stadionları yoxlamaq üçün nümayəndə göndərir, bəzən isə AFFA-nın İnfrastruktur Departamentindən xahiş edir ki, müəyyən stadionların cari vəziyyəti ilə bağlı məlumat təqdim olunsun. Təftiş mütəmadi həyata keçirilən iş deyil, biz ildə maksimum 2-3 dəfə yoxlaya bilərik arenanın durumunu. Qazon da elə bir şeydir ki, düzgün qulluq edilməsə, bir həftənin içində də məhv ola bilər. 


(ARDI VAR)

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

Yuxarı